Azərbaycanda gənclərin məşğulluğunun artmasına xidmət edən layihə həyata keçiriləcək

17:48 7 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də ABŞ-ın Azərbaycandakı səfirliyi ilə BMT-nin İnkişaf Proqramı arasında “Sahibkarlıq və məşğulluq üçün iqtisadi imkanların genişləndirilməsi” layihəsinə dair niyyət bəyannaməsi imzalanıb.
Ümumi dəyəri 342 min dollar olan layihə Gəncədə və Masallıda qadın resurs və məşğulluq mərkəzlərində bacarıqların artırılması tədbirləri vasitəsilə qadınların sahibkarlıqla məşğul olmalarına, gənclərin işlə təmin edilmələrinə dəstək məqsədi daşıyır. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilir.
Tədbirdə əvvəlcə “Günəşli” yatağındakı dərin dəniz özülündə baş vermiş qəzada həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bəyannaməni ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Antonius Bruk imzalayıblar.
Antonius Bruk bu təşəbbüsün BMT-nin yeni qəbul edilən Dayanıqlı İnkişaf Məqsədləri ilə tam uyğun olduğunu bildirib. O deyib ki, layihə daha yaxşı həyata və daha güclü gender bərabərliyi məqsədilə sahibkarlığı həvəsləndirmək və qadınlara, gənclərə dəstək vermək məqsədi daşıyır. Qeyd edilib ki, son on ildə Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edərək yüz minlərlə yeni iş yeri açılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bu cür layihələrin məşğulluğun səviyyəsini bir qədər də artıracağını söyləyib. O, təmsil etdiyi nazirliyin xarici təşkilatlarla dəfələrlə birgə layihələr həyata keçirdiyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da layihənin əhəmiyyətini vurğulayıb, təmsil etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm verdiyini deyib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qeyd edib ki, qadınların iqtisadiyyatda və cəmiyyətdə iştirakının artırılması daha güclü iqtisadiyyata və idarəçiliyə töhfə verir. Səfir ABŞ ilə Azərbaycan arasında dərin əməkdaşlığın mövcud olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_genclerin_mesgullugunun_artmasina_xidmet_eden_layihe_heyata_kechirilecek-909005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR