AMEA-nın Fizika İnstitutu hesabat verib

AMEA-nın Fizika İnstitutu hesabat verib
17:58 7 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda bu elm müəssisəsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan iclas keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu qurumun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov gündəlikdə duran məsələlər, həmçinin magistratura pilləsində tədris olunmaq üçün institutun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilzadənin hazırladığı “Elementar zərrəciklər fizikasının əsasları” dərs vəsaiti haqqında məlumat verib.
Elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov institutun 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan hesabatla çıxış edib. Sektorlar üzrə il ərzində əldə olunmuş mühüm nəticələrdən danışan akademik bildirib ki, ümumi sektorda altı, innovasiya sektorunda yeddi, fənlərarası sektorda isə səkkiz mühüm nəticə əldə edilib.
C.Abdinov bu il Fizika İnstitutunda təhsil şöbəsinin yaradılması, ilk dəfə magistratura pilləsi üzrə (nəzəri və riyazi fizika ixtisası) qəbul aparılması barədə də danışıb. Bildirilib ki, bu il Fizika İnstitutunun magistratura pilləsinə dörd nəfər qəbul olunub.
Hesabat ilində dissertasiya şurasında institut əməkdaşları tərəfindən fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün səkkiz dissertasiya müdafiə edilib. Cari ildə əməkdaşlar tərəfindən 528 elmi iş dərc edilib, o cümlədən xaricdə 394, xarici jurnallarda 284, yüksək impakt faktorlu jurnallarda 181, respublika mətbuatında 110 məqalə çap olunub. Elmi müəssisənin əməkdaşlarının işlərinə xarici jurnallarda 5250-dən çox istinad edilib.
İclasda çıxış edən əməkdaşlar hesabatı müsbət qiymətləndiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Fizika_Institutu_hesabat_verib-909012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR