FHN-in 10 illik yubiley medalı təsis edildi

FHN-in 10 illik yubiley medalı təsis edildi
19:05 7 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsviri"nin 2.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur.

3. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə verilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

X X X 

Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli  Qanunu ilə təsdiq edilmişdir

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş, diametri 36 mm olan qızılı rəngli dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi hamar səthlidir. Mərkəzdən yuxarıda relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində, yaşıl fonda, müvafiq icra hakimiyyəti orqanının emblemindən ibarət kompozisiya təsvir edilmişdir.

2.2. Medalın yuxarı qövsü boyunca qızılı rəngdə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca həmin rəngdə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. Medalın mərkəzindən aşağı hissədə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun lentin üzərində ağ minalı "10 İL" sözləri, medalın sol tərəfində lentdən yuxarı hissədə alt-alta qızılı rəngdə "2005" və "2015" rəqəmləri yazılmış, lentin üzərində sağa istiqamətlənən qızılı rəngdə palıd yarpaqlarının təsviri verilmişdir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin mərkəzində "AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 10 İLLİYİ" sözləri və "2005-2015" rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üst hissəsi 40 mm x 4 mm, alt hissəsi 40 mm x 6,5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament vardır.

4.2. Xara lent, mərkəzdə eni 2 mm olan qırmızı, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla eni 3 mm olan ağ, 12,5 mm olan qırmızı, 2 mm olan göy rəngli şaquli zolaqlara bölünmüşdür.

4.3. Medalı lövhəyə birləşdirən üç ədəd qızılı rəngli metal halqaların diametri 5 mm-dir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR