"Sabah evə qayıda bilməsəm..."

"Sabah evə qayıda bilməsəm..."
19:57 7 Dekabr 2015
288 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı dəhşətli qəzada itkin düşən 29 neftçidən biri də 47 yaşlı Seyfəddin Abil oğlu Niyazovdur. O, bu məşum qəzadan bir neçə saat əvvəl ailəsi ilə telefonla danışıb. İndi isə artıq 72 saatdır, telefonu da susur...

Üç uşaq atası olan S.Niyazov Salyan rayonunun Xıdırlı kəndindəndir. İndi bu kənddə, ümumən bütün Salyanda hamının gözü dənizə dikilib. Hər kəs Seyfəddindən nəsə bir xəbər gözləyir. Gözləyə-gözləyə də ümidsizləşirlər...

İtkin neftçinin qardaşı Mirdiyar Niyazov virtualaz.org saytına Seyfəddinin həmin fəlakətdən az əvvəl ailə üzvləri ilə telefonla danışdığını bildirib.

Mirdiyar Niyazovun sözlərinə görə, qardaşı 15 ildən yuxarıdır ki, "Günəşli" yatağında maşinist işləyirmiş: "Seyfəddin noyabrın 20-də 15 günlük iş növbəsinə - dənizdəki işinə getdi. Dekabrın 5-də növbəsini bitirib evə qayıtmalı idi. Hadisə baş verən gün - dekabr ayının 4-də günorta evə zəng vurub ki, sabah evə qayıda bilməsəm, narahat olmayın. Səbəbini də izah edib. Deyib, dənizdə güclü külək var, belə havada gəmilər dənizə çıxa bilmir deyə növbənin dəyişməsi ləngiyir. Bu, Seyfəddinin son sözü olub.

Sonradan televizordan qəza barədə məlumat alanda narahat olub Seyfəddinin özünə zəng vurduq. Amma ona zəng çatmadı. Ona görə də qonşu platformada işləyən başqa həmkəndlimizə zəng vurduq. Həmkəndlimiz isə Seyfəddin işləyən platformada faciə baş verdiyini bildirdi. Daha sonra qazma rəisi köməkçisinin telefonunu verdi. Qazma rəisinə zəng vurduq. O isə bildirdi ki, heç bir məlumat vermək imkanında deyiləm. Sonradan itkin düşənlərin siyahısında qardaşımın da adını gördük".

İtkin düşən neftçinin qardaşı sonda onu da bildirdi ki, "Azneft" İstehsalat Birliyinin nümayəndələri dənizdəki qəzada itkin düşmüş neftçinin ailəsinə bu gün baş çəkiblər...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR