"Həlak olmuş şəxslərin ailə üzvlərinə müvafiq məbləğ ödəniləcək" - VİDEO

"Həlak olmuş şəxslərin ailə üzvlərinə müvafiq məbləğ ödəniləcək" - VİDEO
20:57 7 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

"Dənizdə baş vermiş hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin rəhbərliyi ilə müvafiq komissiya yaradılıb"...

"Mövcud hava şərtləri, partlayış və alovun vurduğu istiqamət insanların təhlükəsiz yerdə dayanmasını mümkünsüz edib"...
"Bu cür  qəzaları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil"...
"İşçilər müxtəlif bəhanələrlə bu vasitələrdən istifadə etmək istəmirlər"...
"İşəgötürənlərin işçilərinə qarşı diqqətli olması və onlar üçün sağlam iş şəraitinin təmin edilməsi vacibdir"...
Bu fikirləri APA TV-də yayımlanan "Sosium" proqramının qonağı, ƏƏSMN yanında DƏMX-nin  Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri İlqar Məmmədov deyib.

Qonaq dekabrın 4-də "Günəşli" yatağında yerləşən 10-cu platformada baş vermiş qəza ilə əlaqədar yaradılmış komissiya barədə məlumat verib: "ƏƏSMN yanında DƏMX-də  hadisə ilə əlaqədar xidmətin rəisi Fuad Əlizadənin rəhbərliyi ilə müvafiq komissiya yaradılır. Bu komissiyanın üzvləri arasında platformada işləyən müəssisələrin rəhbər şəxsləri olacaq. Bununla yanaşı, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndələri də komissiyada təmsil olunacaq".

İlqar Məmmədov işçilərin təxliyəsinin qəza qaydalarına uyğun həyata keçirilməsi barədə danışıb: "Baş vermiş hadisədən sonra işçilər xilas edici qayıqlarla təxliyə olunublar. Bu zaman platformada  4 qayıq olub, hava şərtlərinə görə onların yalnız  ikisinə minmək imkanı olub. Qayıqların keyfiyyətinə gəldikdə isə, bunlar adi qayıqlar deyil, fövqəladə hallar üçün nəzərdə tutulur, dövlət orqanları tərəfindən qeydiyyatdan sonra  qəbul olunur. Həmin vaxt mövcud olan hava şərtləri, partlayış və alovun vurduğu istiqamət insanların təhlükəsiz yerdə dayanmasını mümkünsüz edib. Ona görə də insanların təxliyə üçün qayıqlara minməsi şərt idi".

Nazirlik rəsmisi bədbəxt hadisə zamanı zərərçəkənlərin ailələrinə sığortanın müəyyənləşməsindən də danışıb: "Bu hadisə zamanı həlak olmuş şəxslərin ailə üzvlərinə sığorta şirkətləri tərəfindən müvafiq məbləğ ödəniləcək. Dövlət sığortasından əlavə, SOCAR tərəfindən nəzərdə tutulan məbləğ də ödəniləcək. Bu zaman Dövlət Neft Şirkətinin  kollektiv müqaviləsində nəzərdə tutulmuş təzminat məbləği əsas götürüləcək".

İlqar Məmmədov neftçıxarma təsərrüfatında qəzalı vəziyyətlərin vaxtında aşkarlanması və qarşısının alınması üçün keçirilən reydlər barədə məlumat verib: "Bu cür  qəzaları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Bizim idarə daim işçilər üçün sağlam əmək şəraitinin yaradılmasını nəzarətdə saxlayır. Bundan sonra belə hadisələrin təkrarlanmaması üçün Dövlət Neft Şirkəti ilə birlikdə müəyyən tədbirlər planı hazırlanacaq".
Tikinti sektorunun əmək təhlükəsizliyi baxımından ən riskli sahələrdən olduğunu deyən qonaq bu sahədə bədbəxt halların qarşısını almaq üçün maariflənmənin əhəmiyyətini vurğulayıb: "Tikinti sahəsində də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması halları az deyil. Dövlət nəzarəti bu cür halların aşkarlanması və göstərişlərin verilməsinə diqqət yetirir. Burada cəza mexanizmi ilə yanaşı, maarifləndirmə işinin aparılması, həmçinin müəyyən təlimatların tətbiqi tərəfimizdən həyata keçirilir. Fərdi mühafizə vasitələrindən istifadə təkcə işəgötürənin məsuliyyəti deyil, burada işçilərin də məsuliyyəti var. Bəzi hallarda işçilər müxtəlif bəhanələrlə bu vasitələrdən istifadə etmək istəmirlər. Bunun qarşısını almaq üçün biz işçilərlə seminarlar təşkil edirik".
İlqar Məmmədov hava şərtlərinin iş fəaliyyətinin dayandırılmasına təsiri barədə də danışıb: "Hava şəraitinin əlverişsiz olması ilə bağlı işin dayandırılması Əmək Məcəlləsində nəzarətdə tutulub. Bu qaydaların pozulması halı aşkar olunduqda ilk növbədə xəbərdarlıq olunur, sonra isə iş dayandırılır. Əmək Məcəlləsi respublika ərazisində bütün fəaliyyət göstərən müəssisə və təşkilatlarda əsas şərtdir, burada nəzərdə tutulmuş maddələrin işə götürülən tərəfindən icrası məcburidir və buna DƏMX tərəfindən nəzarət olunur. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hər bir işəgötürənin borcudur.  İşçilərin texniki əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl olunması, işçilər üçün normal əmək şəraitin yaradılması vacib faktordur. Bu cür ağır nəticəli hadisələrin təkrarlanmaması üçün işəgötürənlərin işçilərinə qarşı diqqətli olması və onlar üçün sağlam iş şəraitinin təmin edilməsi vacibdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR