“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilib

21:03 7 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş prokuror Zakir Qaralov dekabrın 4-7-də itkin düşənlərin axtarışı və xilasetmə, hadisənin baş verməsi səbəblərinin və şəraitinin araşdırılması istiqamətləri üzrə aparılmış tədbirlər haqqında hesabat veriblər. Bildirilib ki, hadisə baş verdikdən dərhal sonra bütün zəruri tədbirlər operativ surətdə görülüb, lakin hava şəraitinin görünməmiş dərəcədə ağır olması partlayış və alovun ani olaraq bütün platformanı bürüməsinə səbəb olub. Buna baxmayaraq, özülün rəhbərliyi və işçi heyəti fədakarlıq göstərib, təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun, təxliyə planına müvafiq hərəkət ediblər.
Ötən müddət ərzində hadisə zamanı özüldə olan 33 şəxs təxliyyə edilib, lazımi tibbi müayinədən keçirilib, ambulator və stasionar müalicəyə cəlb edilib, 7 nəfərin cəsədi dənizdən çıxarılaraq sahilə gətirilib və ailələrinə təhvil verilib. Hazırda itkin düşən 23 şəxsin axtarışı və yanan quyuların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. FHN-in, DSX-nın, Xəzər Dəniz Gəmiçiliyinin, “AZAL”ın gəmi və helikopterləri, SOCAR-ın mütəxəssisləri və lazımi sayda şəxsi heyət bu işlərə cəlb olunub.
İclasda qarşıda duran təxirəsalınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilib. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, səhiyyə naziri Oqtay Şirəliyevin, daxili işlər naziri Ramil Usubovun, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyevin təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iclasa yekun vuraraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 2015-ci il 5 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası və qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yatagindaki_10_sayli_ozulde_bas_vermis_qeza_ile_elaqedar_Dovlet_Komissiyasinin_novbeti_iclasi_kechirilib-909128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR