İran və Ermənistan: "Bir millət, iki dövlət"

İran və Ermənistan: "Bir millət, iki dövlət"
09:22 8 Dekabr 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın sonlarında İranın tanınmış din xadimlərindən biri, "Dünya Əhli-Beyt Qurultayı" təşkilatının sədri ayətulla Məhəmməd Həsən Əhtari Ermənistan katolikosu 2-ci Qareginin dəvəti ilə Yerevanda olub.
Səfər əsnasında ayətulla Əhtari Ermənistanın hakimiyyət mənsubları və din xadimləri ilə görüşüb, Yerevandakı məscidə, Eçmiədzindəki kilsəyə baş çəkib.
Yerevan Dövlət Universitetinin tələbələrinin qarşısında çıxış edəndə ayətulla Həsən Əhtari "farslarla ermənilərin yaxın, qohum millətlər" olduğunu deyib, İranla Ermənistan əlaqələrinin mövcud durumundan razılığını dilə gətirib. Bundan başqa, o, Tehranla Yerevan arasındakı təmasların bundan sonra daha da genişləndirilməsinə və fəallaşdırılmasına zərurət duyduğunu da vurğulayıb.


Universitetin rektoru Aram Simonyan iranlı qonağın belə açıqlamalarından vəcdə gələrək çıxışında söyləyib: "Ermənistanla İran bir millət, iki dövlətdir".

Aydındır ki, A.Simonyan "bir millət, iki dövlət" kəlmələrini dilə gətirəndə Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı münasibətləri təqlid etmək istəyib. Lakin farslarla ermənilərin eyni millət olması mübhəm məsələdir. Xüsusilə də erməni alimlərin və tarixçilərin qərinələrdən bəri "ermənilər dünyanın ilk və əsl xristianları arasında olublar" iddialarını xatırlasaq, farslarla bu "əsl xristianlar" arasındakı doğmalıq, qohumluq və eynilik barədə Simonyan heç bir açıqlama verməyib.

Təəccüb doğuran odur ki, Tehranın "bütün dünyada şiə müsəlmanların hüquqlarının müdafiəçisi" kimi qələmə verdiyi "Dünya Əhli-Beyt Qurultayı"nın sədri müsəlman Azərbaycana düşmən kəsilən, Xocalıda soyqırım törədən ermənilərlə "yaxın və qohum" olduğunu fəxrlə, şəstlə, qürurla söyləyib.
Eçmiədzində bütün ermənilərin katolikosu 2-ci Qareginlə görüşəndə isə ayətulla Əhtari "erməni xalqının Yerevandakı fars məscidi olan Göy Məscidin qayğısına qalmasından razılığı"nı vurğulayıb.
Ayətulla Əhtari daha sonra Göy Məscidi dəfələrlə "fars memarlıq abidəsi" adlandırıb.
Halbuki həmin məscid bizə, yəni azərbaycanlılara məxsusdur və farslarla da heç bir əlaqəsi yoxdur.
Azərbaycanda İrandan gələn ayətullaların əlini öpən, onları özlərinə "təqlid" obyekti sayan, həmin adamların "Əhli-Beyt aşiqlərinin müdafiəçiləri" olduqlarını deyənlər, çox yəqin ki, ayətulla Əhtarinin Yerevanda söylədiklərini "siyasət, diplomatiya" kimi qələmə verməyə çalışacaqlar.

Ermənistanda hazırda 12 məktəbdə fars dilinin tədris olunduğunu və belə məktəblərin sayının artırılacağını, gələn ilin fevralında Yerevanda fars dili olimpiadasının keçiriləcəyini, İran və Ermənistan sərhədində "Araz" azad ticari zonanın 2017-ci ildə işə başlayacağını da nəzərə alsaq - bütün bunlar da "sadəcə, siyasət"dir?

Ayətulla Əhtarinin Ermənistana səfərini, onun Yerevanda keçirdiyyi görüşləri və söylədiklərini İranın indiki geosiyasi durumunu nəzərə alsaq, bəlkə də siyasət saymaq olardı.
Bir şərtlə ki, iranlı din xadimi Yerevandakı azərbaycanlı məscidini "fars mədəniyyət abidəsi" kimi qələmə verməyə çalışmasaydı, sonra da erməniləri farslarla "qohum və yaxın" elan etməsəydi.
İlk halda deyilənlər yalandırsa, ikinci halda ayətullanın sözləri Tehranın Cənubi Qafqazda 1990-cı illərdən bəri qurmağa çalışdığı mövqelərin rəsmi təqdimatı ilə tam ziddiyyət təşkil edir.
Daha dəqiq olsaq, həmin ziddiyyət, bəlkə də, Tehranın Ermənistan və Azərbaycana olan münasibətinin kütlədən mübhəm saxlanması "məsləhət bilinən" məqamlarını aşkarlayır, İran-Ermənistan əlaqələrinin gerçək mahiyyətini və formatını ortaya qoyur.
Digər tərəfdən, ayətulla Əhtarinin Yerevanda olarkən ermənilərə belə komplimentlər deməsi rəsmi Tehranın qərb qarşısında dinlərarası dialoqa meylli ölkə imicini nümayiş etdirmək cəhdi də sayıla bilərdi. Amma alınmadı: dinlərarası dialoq konfessiyalar arasında ortaq təmas nöqtələrinin tapılması, əlaqələrin genişləndirilməsi, tolerantlıq və multikulturalizm anlamları çərçivəsində dindarların müəyyən mənada açıq cəmiyyətə meyllənməsini ehtiva edir.
Yerevandakı açıqlamalar isə iranlı qonağın farslarla ermənilərin din və etnik baxımdan qohumluğu kimi iddialarının məntiqsizliyini, irrasionallığını göstərir.

Ayətulla Əhtari İranda məşhur din xadimi ola bilər, amma o, çox pis siyasətçidir və qaş qayırmaq istədiyi yerdə vurub göz çıxarır.
Eçmiədzindəki keşişlərin özlərini farslarla eyni millətin mənsubları sayacağını, erməni daşnakların indiyədək, əsrlər boyu sadəcə, istifadə etdikləri Tehrana qəflətən səmimi-qəlbdən vurulacaqlarını və ya ermənilərin İrana sadiq qalacaqlarını düşünmək üçün ayətulla Əhtari bir qədər yaşlıdır.
Di gəl, o, yaşına rəğmən, siyasətdə çox cavan olduğunu göstərdi.
Azərbaycanda ayətulla Əhtarini və onun kimilərini "nüfuzlu, müdrik din xadimi" hesab edənlər, habelə belələrindən birbaşa təlimat alaraq "Şəriət əldən gedir, vaveyla!" tipli hayqırtılarla küçələrə çıxıb aksiyalar keçirməyə çalışanlar indi yaxşı düşünsünlər.
Gec də olsa, düşünmək faydadır.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR