Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
11:13 8 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.
İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verib. Bildirib ki, kollegiyada IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının yekunları, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi, Gəncə şəhəri və Şəmkir rayonu ərazisindəki tarixi abidələrin vəziyyəti, İmişli, Zərdab və Qax rayonlarının mədəniyyət və turizm şöbələrində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri müzakirə olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Ə.Qarayev IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının uğurla keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, 2017-ci ildə keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına indidən hazırlıq görülməli, yeni əlaqələr qurulmalı və növbəti sərgi-yarmarkanın əhatəsi daha da genişləndirilməlidir.
Sonra ALISA tətbiqi ilə bağlı məsələ müzakirə olunub.
Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bu günə qədər görülən işlər, proqramın işləməsində ortaya çıxan çətinliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, indiyədək 30 şəhər və rayon kitabxanası ALISA sisteminə qoşulub. Sistem komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat, statistika və digər modullardan ibarətdir.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALISA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının sistemə qoşulması, digər kitabxana sistemlərinə inteqrasiya məsələləri barədə danışıb. Sistemin tam olaraq istifadəyə verilməsi üçün ilin sonuna qədər proqram işlərinin yekunlaşdırılması, gələn ilin əvvəlindən isə bütün şəhər və rayonların kitabxana sistemlərinin ALISA proqramına qoşulması qərara alınıb.
Növbəti məsələ olaraq Gəncə və Şəmkir ərazisindəki tarixi abidələrin vəziyyəti müzakirə olunub.
Ə.Qarayev bildirib ki, ötən ilin dekabrında Prezident İlham Əliyevin Sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Bu xidmət vasitəsilə qədim tarixi abidələrimizin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması ilə bağlı müvafiq işlər həyata keçirilir. Məsələyə dair kollegiyanın qərarı qəbul olunub və bu istiqamətdə zəruri addımlarla bağlı tapşırıqlar verilib.
Daha sonra İmişli, Zərdab və Qax rayon mədəniyyət və turizm şöbələrinin və onların tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib.
İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı diqqətə çatdırılıb. Qeyd edilib ki, Qax rayonunda mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması və bölgədə turizmin inkişafı üçün lazımi işlər həyata keçirilir.
Məruzə dinlənildikdən sonra şöbələr və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul edib.
Kollegiyanın iclasına yekun vuran nazir müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_Turizm_Nazirliyinin_kollegiya_iclasi_kechirilib-909208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR