Proqnoz: Neftin qiyməti 2008-ci ilin səviyyəsinə qayıdır

Proqnoz: Neftin qiyməti 2008-ci ilin səviyyəsinə qayıdır
11:27 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti dekabrın 7-də kəskin azalma göstərib. Azalma, keçən həftə, dekabrın 4-də OPEC-in Vyanada keçirilən iclasında alınan qərarlardan sonra başlayıb. Belə ki, iclas ərəfəsində 45 dollar/barelə qədər yüksələn "Brent" markalı neft, təxminən 9% ucuzlaşaraq 41 dollar/bareldən aşağı satılır. Qeyd etmək lazımdır ki, iclasda gündəlik neft hasilatının kvotası 1,5 mln. barel artırıldığı bildirilsə də, daha sonra bu xəbər təkzib edilib. OPEC gündəlik hasilatın hazırda 31,5 mln. barel/gün olduğunu bildirib. Vurğulamaq lazımdır ki, OPEC-in gündəlik neft hasilatı son aylarda 31,7 mln. barel/gün təşkil edərək kvotanın səviyyəsini 5-6% üstələyirdi.
"Report" xəbər verir ki, OPEC üzvü ölkələr son iclasda neft hasilatının azaldılması barədə düşünsələr də, bunun mümkün olmadığı müəyyənləşib. Neft hasilatının OPEC ölkələri tərəfindən artırılması və İranın sanksiyalarının qaldırılması ilə bazara əlavə neft həcmlərinin çıxarılması xəbərləri Karteli bazar payını qoruması üçün kvotanı azaltmamağa məcbur edib. Nəticədə, neft bazarı iclasdakı xəbərlərə kəskin reaksiya verib. Dünən, dekabrın 7-də WTI markalı neftin bareli 2,49 dollar və ya 6,2% ucuzlaşaraq 37,65 dollara, "Brent"in qiyməti isə 2,27 dollar və ya 5,28% azalaraq 40,73 dollar/barelə enib.
OPEC-in dekabrın 4-də dərc olunan rəsmi hesabatında "vəziyyəti diqqətlə izləmək" zəruriyyəti vurğulanıb. İclasdan sonra danışan OPEC-in baş katibi Abdulla əl-Badri "İran geri dönür. Ona görə də hasilatda dəyişiklik məsələsi OPEC-in 2016-cı ilin iyun ayında keçirəcəyi növbəti iclasına qədər ertələnib", - deyə qeyd edib. 
"Aberdeen Asset Management İnvestment" investisiya şirkətinin analitiki Robert Minterə görə, OPEC-in dekabr iclası çox gərgin keçib və nəticədə, heç bir razılıq əldə olunmasa da, üzv ölkələr istədikləri kimi hərəkət etmək üçün icazə əldə edib.
OPEC prezidenti, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu isə bildirib ki, neft qiymətlərinin azalması bütün neft hasilatı ölkələrinin büdcəsinə ciddi təsir etsə də, ABŞ və Kanadada yerləşən şist nefti istehsalçılarına mənfi təsir göstərib. Həmçinin, aşağı qiymətlər maya dəyəri yüksək olan neft hasilatçılarının da işlərini axsadıb.
"Report"un analitik qrupu hesab edir ki, WTI markalı neftin qiyməti bu ilin avqustun 3-dəki son 6 ilin minimal səviyyəsi olan 37,75 dollar/barel dəstək nöqtəsindən aşağı düşərək 32,40 dollar/barelə qədər düşməyə hazırlaşır.
"Brent" markalı neft isə avqustun 3-də son 6 ilin minimal səviyyəsi olan 42,23 dollar/bareldən artıq aşağı düşüb. "Brent" markalı neftin 2008-ci il dekabrında son 11 ilin minimal səviyyəsi olan 36,2 dollar/barelə qədər geriləməsi gözlənilir. Hər iki neft markası üzrə bu proqnozların 2015-ci ilin sonuna qədər həyata keçməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/neftin-qiymeti-2008-ci-ilin-seviyyesine-qayidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR