Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Selfi" çıxdı, onlar işsiz qaldılar - FOTO

"Selfi" çıxdı, onlar işsiz qaldılar - FOTO

Date: 8 December 2015 11:32

Bir neçə il öncəyə kimi onların sayı daha çox idi. Şəhərin gur yerlərində, insanların çoxluq təşkil etdikləri ərazilərdə tez-tez qarşımıza çıxırdılar, ya da səslərini eşidirik, "Foto 2 manat. 2 dəqiqəyə foto..." Söhbət Bakının səyyar fotoqraflarından gedir.

Hansısa bir özəl günü, anı yaddaşda saxlamaq üçün fotoya ehtiyac var. Misal üçün, ailəsi ilə Dənizkənarı Milli Parka gedən şəxs istəyir ki, bu anı әbәdilәşdirmәk üçün xatirə şəkli çəkdirsin. Əvvəllər bunun üçün səyyar fotoqraf axtarılırdısa, artıq onlara ehtiyac qalmayıb. Çünki hər kəsin cibində müasir telefonlar var. Bir "selfi" (özçəkim) ilə bu istəyi yerinə yetirmək olur.

Artıq insanlar fotoları çəkdirib, evdə, albom arasında saxlamağı sevmirlər. Əvvəllər fotoların çəkilmə səbəbi, daha çox evə qonaq gələndə ona göstərmək üçün idi. İndi isə bu sistem dəyişib. Artıq insanlar fotolarını daha geniş kütlə ilə paylaşmağı sevirlər. Bunun üçün də ideal məkan sosial şəbəkələrdir.

Bu vəziyyət səyyar fotoqrafların mövcudluğunu təhlükə altına alır. Çoxları artıq bu peşənin daşını atıblar. Geridə qalanlar isə birtəhər işləyirlər. Amma deyəsən, onlar da çox davam etməyəcəklər. Çünki fotoqraflar artıq bu işlə məşğul olmağın sərfəli olmadığını deyiblər.

Uzun illərdir bu işlə məşğul olan Azər adlı fotoqraf deyir ki, daha bu işin nə marağı, nə də gəliri qalıb: "Son 1-2 ildə işimiz çökməyə başlayıb. Hamı telefonu ilə foto çəkir və paylaşır. Daha albom yığan yoxdur. O dövr geridə qalıb. Hər kəs fotolarını yaddaş kartına köçürüb, saxlayır. Albomun üzünə də baxmırlar (Gülür -red). Mən də qocaldım, kameram da... Bu sahə də qocaldı və keçmişdə qaldı. Əvvəl bizim müştərilərimiz rayon camaatı idi. Bakıya gələn kimi ilk işləri "Bulvar"a gəlmək idi. Biz də fotolarını çəkirdik. İndi Bakıda hamı rayonludur. Üstəlik hamının kreditlə də olsa bahalı telefonu var. Daha biz lazım deyilik.

Bizim iş elədir ki, gərək hava yaxşı olsun. Həm fotonun yaxşı alınması üçün, həm də insanların çox olması üçün hava şəraiti normal olmalıdır. Bu da son günlər nadir tapılır. Üstəlik müştəri də azdır. Çoxları bu sahədən gedib. Artıq ya foto çəkmirlər, ya da restoranlarla anlaşıb, orada işləyirlər".

Növbəti müsahibim uzun zamandır  Dənizkənarı Milli Parkda işləyir və o da artıq bu sənətin sona çatdığını deyir: "Son iki ay ərzində, demək olar ki, heç nə işləməmişəm. Bu da vəziyyətimi ağırlaşdırıb. Çünki vergi ödənişi edirəm. Xərclərim var, ailəmi saxlamalıyam. Üstəlik "Bulvar"a da pul verirəm. Artıq bu işlə ailə saxlamaq qeyri-mümkündür. Ona görə də Yeni ildən sonra daha burada işləyən deyiləm. Bəlkə, şadlıq saraylarından biri ilə anlaşıb, onlarla çalışdım. Bəlkə də... Dəqiq bilmirəm.

Bizim işlərin zəif olması digərlərinə də təsir edir. Misal üçün, çap studiyaları... Yaxınlıqda olan bir neçə studiya var idi. Cəmisi biri işləyir. O da çox keçməz, bağlanar. Çünki müştəri 50 faizdən çox azalıb. O da icarə haqqı verir. Məcburdur ki, bağlasın. Bizim peşə müasirləşib, ona ayaq uydurmaq lazım. Gənclər toydan qabaq "Love Story" deyilən bir fotosessiya çəkdirirlər. Bunun üçün də külli miqdarda pul xərcləyirlər. O sahədə işləyənlər qazanırlar. Pul qazanmaq üçün gərək o formada işləyim. Onu da bu yaşdan sonra bacarmaram. 54 yaşım var. "Elə dayan, belə dayan. Otların içində uzan, əlinlə ürək tut" deyən vaxtım deyil axı".  

Dövr dəyişdikcə çox şey tarixdə qalır. Müasir texnologiya çox şeyi asanlaşdırır. İnsan əməyinin gücünü azaldır. Bu, bəzən faydalı olur, bəzən də insanları işsiz qoyur. Bəhs etdiyimiz səyyar fotoqraflar ikincilərdəndirlər. Ümid edirik ki, onlar da müasir tələblərə ayaq uydura biləcəklər.

"Yeni Müsavat"









Tags:  Selfi çıxdı onlar işsiz qaldılar FOTO


RƏYLƏR


Top news