Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən çox axtarılan kitab, əcaib böcək, Türkiyəni şoka salan şeirlər – DƏLİ DAHİLƏR

Ən çox axtarılan kitab, əcaib böcək, Türkiyəni şoka salan şeirlər – DƏLİ DAHİLƏR

Date: 8 December 2015 11:34

 

 “Əgər mən bu kitabla ağıl xəstələrinə kiçicik bir xidmət yapa bildimsə, onların dumanlı-tüstülü dünyasına işıqlı bir pəncərə aça bildimsə, mənim üçün böyük mutluluq olacaq”. Bu cümlə 1994-cü ildə İstanbul şəhərində çap olunmuş “İniltilər” adlı qeyri-adi şeirlər kitabının tərtibatçısı Bedia xanım Tuncerin həmin kitaba yazdığı ön sözdən götürülüb. Dünyada bənzəri olmayan bu balaca, aztirajlı antologiyada toplanan şeirlərin müəllifi ruhi xəstələrdir.    

Kitab necə yaranıb?

Deməli, 1991-ci ildə Türkiyənin Milli Eyitim Bakanlığı Bedia xanımı Bakırköy Ruh və Sinir Xəstələri dispanserindəki xəstələrə oxuma-yazma dərsi keçmək üçün təyinat verir. Onun üçün gözlənilməz olsa da, təklifdən imtina etməyən gənc müəllimə sinir xəstələrinə dərs deməyə yollanır və həmin ildən 1994-cü ilə qədər dispanserdə çalışır. Ruhi müvazinətini itirmiş insanlarla son dərəcə mehriban davranan xanım, tezliklə hər bir xəstənin rəğbətini qazanır. Bedia Tuncer bu illər ərzində təkcə dərs keçməklə kifayətlənmir, həm də onların xarakterini, keçmiş həyatını, düşüncələrini, arzularını öyrənməyə çalışır.

 

Bedia Tuncerin gündəliyindən:


“...İlk günlər dispanserdə işləməyə razılıq verdiyim üçün çox peşman idim. Məni ölü baxışları ilə gözaltı süzən dəlilərdən əndişələnirdim. Bir gün özümün də onların halına düşəcəyimi fikirləşirdim. Lakin getdikcə vəziyyət dəyişdi, hər bir ruhi xəstənin mənə ehtiyacı olduğunu hiss etdim”.
“...Məncə, onlar adi insan düşüncəsinin o biri tərəfinə keçiblər. Yəni, düşüncə çəpərinin o biri üzünə, bəlkə də uşaqlıq tərəfinə. Bəziləri lap yaşlı uşağa bənzəyirlər. Özlərindən asılı olmayaraq bizdən şübhələnir, haçansa onlara edilmiş pisliyin təkrar olunacağından qorxurlar”.

“...Bəzən şizofreniya onları elə həssas vəziyyətə salır ki, qəlbdən səmimi olmayan adam ona yaxın düşə bilmir. Ona görə təbiətə daha çox etibar edirlər. Heyvanları sevirlər, ağaclara, güllərə qulluq eləmək istəyirlər. Burada bir kişi var, xəstəxanaya düşmə səbəbini oxuyanda qəlbim ağrıdı. Sənəddə yazılıb ki, N.T. yolu keçərkən üstündən maşın keçmiş bir tısbağa görür. İnsanların bu vəhşiliyinə dözməyən N.T. əynindəki paltarları soyunub tısbağaya bükür və yolun tən ortasında lüm-lüt dayanaraq sürücülərə protest edir. Zənnimcə, o, həm də cəmiyyətimizə protest etmişdi”.

 Öz hisslərini hərdən kağıza köçürən ruh xəstələri də Bedia Tuncerin gözündən yayınmır. Yazdıqlarını gizlədən xəstələr nəhayət, müəllimənin səmimiyyətinə hörmət əlaməti olaraq öz şeirlərini ona oxumağa başlayırlar.

“...Şeirlərində sevgi, kədər, yalnızlıq, həyat eşqi, dostluq kimi hissləri son dərəcə səmimi ifadə etdiklərinə görə adam onların yazdığı şeirlərə biganə qala bilmir. Məncə, onların yazdıqlarını ömründə heç vaxt şeir oxumayan adam da sevər”.

Beləcə, Bedia Tuncer bu dörd il arası dəlilərin şeirlərini toplayaraq kitab çap etdirmək qərarına gəlir. Və nəhayət, ruhi xəstələrin şeirlərindən ibarət “İniltilər” adlı dünyada örnəyi olmayan şeirlər kitabını buraxdırır. Cəmiyyətdə böyük maraq doğuran “İniltilər” dərhal mağazalardan “göyə çəkilir”. Yeganə arzusu öz xəstələrini sevindirmək olan Bedia xanım kitabın təkrar çapı haqda heç düşünmür də.

“...Kitabda 26 müəllifin şeirləri toplanıb. Kitablardan onlara paylayanda necə sevinirdilər, bir görəydiniz! Onlar necə ağıllıdırlar! Onlar dahi şairlərdi!”

Bedia xanımın çap elədiyi “İniltilər”in nüsxələri hazırda Türkiyədə ən çox axtarılan qiymətli kitablardan sayılır.

“Düşünən şarkılar”

 

Sən demə, Bakırköy xəstəxanasında müalicə alan dəlilərin şeirlərinə bəstələnmiş mahnılardan ibarət albom da buraxılıbmış! Albomun yaranma tarixi haqda musiqiçi Volkan Uruk “Milliyet” qəzetinin əməkdaşına belə söyləyir:

“2008-ci ilin ortalarında Bakırköy ruhi xəstəxanasının servislərində musiqi dərsləri deyəsi oldum. Xəstələr məni hər dəfə maraqla qarşılayırdı. Bir gün 22-ci servisdə U.B. adlı yaşlı xəstə ilə yaxından tanış oldum. O, xəstəxanada pessimizmə qapılan Nəcip adlandırdığı dostunu ovutmaq üçün yazdığı şeirini gitarada çalaraq mənə oxudu. Sonra bir başqa bəstəsini ifa elədi. Onun ifa elədiyi şərqilər xoşuma gəldiyinə görə səsini telefonumun yaddaşına köçürtdüm və bu mahnıları aranjeman etmək fikrimi xəstənin həkimi Vedat Bilgiçə söylədim.  Sonra baş həkim Erhan Kurt Bedia xanımın bir vaxtlar çap elədiyi “İniltilər” kitabını mənə verib ordakı şeirlərə də musiqi bəstələməyimi xahiş etdi və bu mahnılardan albom buraxaramsa sponsor tapacağını bildirdi.  Beləcə, ruhi xəstələrin şeirlərinə bəstələnmiş “Düşünən şarkılar” adlı albom 2011-ci ildə hazır oldu. Albomdakı mahnıları  Teoman, Demet Sağıroğlu, Ahmet Özhan kimi bir çox ünlü sənətçilər ifa edirlər. Satışdan əldə olunan paralar isə təbii ki, Bakırköy xəstəxanasının fonduna verilir”.

Jurnalistin “Bəs albomun adını nədən belə qoydunuz?” sualına musiqiçi belə cavab verir:
“Bakırköy dispanserinin həyətində məşhur düşünən filosof heykəli var, ideya ordan gəldi. Elə o heykələ görə albomun da adını “Düşünən şarkılar” qoyduq”.

Son


Aradan uzun illər keçdikdən sonra, 2013-cü ildə “İniltilər” yenidən yada düşdü və kitab müəyyən əlavələrlə təzədən İstanbulda çap olundu. Yazımın fotolar hissəsində görəcəksiniz, ikinci dəfə basılmış kitabın üz qabığına yersiz olaraq  əcaib bir böcək şəkli həkk edilib.

 















Tags:  çox axtarılan kitab əcaib böcək Türkiyəni şoka salan şeirlər DƏLİ DAHİLƏR

RƏYLƏR


Top news