Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Heydər Əliyev və gömrük xidmətinin inkişafı” mövzusunda görüş keçirilib

“Heydər Əliyev və gömrük xidmətinin inkişafı” mövzusunda görüş keçirilib

Date: 8 December 2015 11:58


Bakı, 8 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Heydər Əliyev və gömrük xidmətinin inkişafı” mövzusunda tələbələrlə görüş keçirilib.
DGK-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev məruzə ilə çıxış edib, Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açıb. Komitə sədri bildirib ki, bütün sahələrdə olduğu kimi gömrük xidmətinin də formalaşması və inkişafı müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti Ümummilli Liderin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmamışdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atıldı. Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edildi, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri quruldu.
Aydın Əliyev Ümummilli Liderin Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdəki tarixi nitqinə də toxunaraq bildirdi ki, həmin çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirdi. Dahi rəhbərin: “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” - sözlərini xatırladan DGK sədri vurğuladı ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi bu gün Azərbaycan gömrük xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə yerinə yetirir.
Ulu Öndərin uzaqgörən siyasətinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən A.Əliyev bu gün də gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı.
Komitə sədri Gömrük Akademiyasının tələbələrinin Heydər Əliyevin xatirəsini hər zaman yaşadacaqlarına, onun ideyalarına daim sadiq qalacaqlarına əminliyini ifadə edib.

Tags:  Heydər Əliyev gömrük xidmətinin inkişafı mövzusunda görüş keçirilib


RƏYLƏR


Top news