İqtisad Universiteti komandası biznes yarışmasında ölkə birincisi oldu

İqtisad Universiteti komandası biznes yarışmasında ölkə birincisi oldu
12:19 8 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

İqtisad Universitetinin tələbələrindən ibarət komanda Azərbaycan Biznes Keys (ABCC) müsabiqəsinin qalibi olub. Bununla da universitetin komandası müsabiqənin 3 qat çempionu statusunu rəsmiləşdirib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADA Universitetində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən Azərbaycan Biznes Keys (ABCC) müsabiqəsinin ideyası, layihə çərçivəsində müsabiqəyə qoşulan III-IV kurs tələbələrini və magistrantları iqtisad-yönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətlərdə praktiki bacarıqlara yiyələnməkdə maraqlı olan gənclərə dəstək vermək və onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçi olmaq kimi məqsədləri özündə birləşdirir.

Layihə çərçivəsində işçi qrupunun üzvləri müsabiqəyə hazırlıq məqsədilə yeddi həftəlik biznes-yönümlü müxtəlif nəzəri və praktiki sahələr ilə bağlı təlimlər veriblər. Layihənin bütün təlimlərində uğurla iştirak edən tələbə və magistrantlar müsabiqədə iştirak üçün hazırlıq mərhələsinə keçiblər.

Bildirək ki, layihənin əsas mərhələsi hesab olunan müsabiqədə hər biri dörd nəfərdən ibarət olan on beş komanda üçün hər həftə Harvard Universitetinin biznes keysləri təqdim olunmaqla, müzakirə və təqdimatlar əsasında praktiki bilik və bacarıqların mənimsənilməsi üçün şərait yaradılıb.

Final mərhələsinə üç komanda - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA və Qafqaz Universitetləri yüksəlib. Münsiflər heyəti komandalar arasından ən yaxşı komandanı müəyyənləşdirib.

Yekun nəticəyə əsasən, ADİU-nun tələbələrindən ibarət komanda bütün rəqiblərini üstələyərək, birinci yerə layiq görülüb. Komandanın üzvləri Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Müzəffər Abbasov, Savalan Süleymanov, Leyla Səfərli və Aida Həsənovadır. Qalib komandaya öz kiçik bizneslərinin təməlini qurmaqları üçün 6 min manat məbləğində pul mükafatı təqdim edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR