Saçlarına gül düzüm... - REPLİKA

Saçlarına gül düzüm... - REPLİKA
12:59 8 Dekabr 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Səhər tezdən sosial şəbəkələrdə yayılan bu fotonu görəndə yadıma rəhmətlik Mirzə Babayevin ifası düşdü: “Saçlarına gül düzüm, mənim gülüm gündüzüm…”. Sözləri Yusif Həsənbəyindi, musiqisini isə Rauf Hacıyev yazıb. Son zamanlar klassiklərə müraciət edir axı bəzi müğənnilərimiz, klip çəkilişi də zənn etdim əvvəl. Amma şəkildə başına gül düzülən heç müğənniyə oxşamırdı. Şəkilin yükləndiyi paylaşımı, indiki dillə desək, tıklayanda məlum oldu ki… bu şəxs icra başçısı imiş.

 

Bu şəkil il yarım əvvəl çəkilib. “Gül bayramı” ərəfəsində. Rayon camaatı qarşısında çıxış etmək üçün parka gələn icra başçısı Tahir Kərimovu əllərində güllər tutmuş bir neçə məktəblinin arasından keçirilər. Hə, məhz keçirilər. Kənarda bir xanım da dayanıb. Mərəkənin ideya müəllifinə oxşayır. İcra başçısı da tək deyil. Onun arxasınca da iki nəfər irəliləyir. Nə bilmək olar, bəlkə sürücüsüdür? Lap məşhur filmdəki Hidayət müəllimin ərköyün sürücüsünə oxşayır haradasa.

 

Gülümsəyir icra başçısı, deyəsən xoşuna gəlib bu “kiçik padşah”ın sultanlar kimi qarşılanması. Amma… Amma sultanlar başları üzərində gül tutmağa razı olmazdılar, məncə. Qılınclar müşayiət edərdi onları adətən. Elə bu uşaqları, sabahın əsgərlərini də əllərində gül tutmağa məcbur etmək düz deyildi. Bu gültutanların sabah əlində silah tutacağını təsəvvür etmək çətindi. O gülləri icra hakimiyyətinin işçilərinə də tutdura bilərdi Tahir müəllim. Bu uşaqları gərək alət etdirməyəydi. Ən azı sosial şəbəkələrdə gültutan kimi qalmasınlar deyə.

9 ildir icra başçısı vəzifəsi daşıyan bu adam adi həqiqətləri də bilməliydi. Söhbət sadəcə təvazökarlıqdan gedir. Azca təvazökar olmaq mümkün idi axı...

Bu foto il yarım əvvəl çəkilib deyirlər. Və il yarımdan sonra ortaya çıxıb. Kim edib bunu, niyə məhz indiki həssas məqamda, bax, bunun özü də maraqlı nüansdır. Amma daha maraqlısı da var. Bu, icra başçısının verəcəyi cavabdır.

 

Hə, bu qeydləri yazanda Lent.az-ın müxbiri Tahir Kərimovla əlaqə saxladı. Başçı hansısa tədbirdə olduğunu deyib, telefonu qapatdı. Güman edək ki, bu dəfə gül törənində deyilmiş…

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR