Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb

Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb
14:06 8 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP-21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

Noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə COP-21 Konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.


Leyla Əliyeva və Fransua Olland


Bir müddət əvvəl isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Yelisey sarayında Prezident Fransua Olland ilə görüşüb.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Fransa Prezidenti Fransua Olland Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına görə minnətdarlığını bildirib.

2 ölkə arasında münasibətlərin böyük potensialının olduğunu deyən Fransua Olland Fransa ilə Azərbaycanın iqtisadiyyat, enerji, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əlaqələr qurduğunu vurğuladı. Fransanın Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edən Fransua Olland ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.


Mehriban Əliyeva və Fransua Olland


Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin dərinləşdirilməsinin ölkəmizin xarici siyasətində mühüm istiqamət təşkil etdiyini vurğuladı. Son illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban Əliyeva sentyabrın 3-də Parisdə reallaşan “Azərbaycan şəhərciyi”nin açılış mərasiminin də bu silsilədən olduğunu bildirdi.

Mehriban Əliyeva qeyd edib ki, bu cür mədəniyyət layihələri artıq Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və Fransanın 10-dan çox şəhəri dostluq və qardaşlıq əlaqələri qurub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunan Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, Fransa bu münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı mövqeyini davam etdirəcək.

Prezident Fransua Olland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında ölkəsinin mövqeyini ifadə edərək Fransanın bu münaqişənin həllində maraqlı olduğunu vurğuladı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR