“Günəşli” yatağında yanğınsöndürmə işlərinə cəlb olunan gəminin komandiri vəfat edib

“Günəşli” yatağında yanğınsöndürmə işlərinə cəlb olunan gəminin komandiri vəfat edib
14:12 8 Dekabr 2015
109 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib. “Report”un xəbərinə görə, bu barədə məlumatı FHN yayıb.
Belə ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb. İki övladı var.
Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yataginda-yanginsondurme-islerine-celb-olunan-geminin-kapitani-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR