Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​MTN-in sabiq idarə rəisinin həbs edilməsinin daha bir səbəbi məlum olub

​MTN-in sabiq idarə rəisinin həbs edilməsinin daha bir səbəbi məlum olub

Date: 8 December 2015 14:42

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanovun həbs olunmasının səbəblərindən biri açıqlanıb.
"Report"un əldə etdiyi məlumata görə, hazırda həbsdə olan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədovun MTN-in sabiq rəisi tərəfindən tutulduğu bəlli olub.
Belə ki, həmin vaxt milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudovun göstərişinə əsasən, S.Qurbanov bu işi "icra etmək" özünə yaxın olan Fizuli Əliyevi (hazırda həbsdədir) yanına çağırıb. Həmin şəxslər R.Məmmədov, eləcə də "Azimport" MMC-yə qarşı suni ittihamlar irəli sürmək məsəsləsi barədə plan həyata keçiriblər.
MTN-in əməkdaşları R.Məmmədova qarşı zərərçəkmiş şəxslər toplayıb, onun üzünə durdurmaq məqsədi ilə "VİB" MMC-nin rəhbəri Salmanov Zabil Şəkil oğlunun şirkətində qeyri-qanuni əməliyyat təşkil ediblər. Mart ayının əvvəlində Fizuli Əliyevin rəhbərlik etdiyi dəstə Z.Salmanovun şirkətində qanunsuz axtarışlar ediblər. Həmin şəxslər heç bir cinayət işi olmadan şirkət sahibindən MMC-yə aid sənədləri tələb ediblər. Onlar ofisin kassasından 340 min manat nəğd pul götürüb, Z.Salmanovu və şirkətin digər işçilərini MTN-ə aparıblar. Şirkət rəhbəri və digər şəxslər 3 gün MTN-də saxlanılıb. Burada Z.Salmanova zor tətbiq edilərək ondan 1 milyon manat pul tələb edilib.
Daha sonra MMC rəhbəri S.Qurbanovun adamlarına 100 min manat pul verib. MTN əməkdaşları Z.Salmanovdan qalan pulun müqabilində R.Məmmədov və "Azimport" MMC-yə qarşı yalan şikayət və ifadə verməsini istəyiblər. S.Qurbanovun göstərişi ilə Fizuli Əliyev şirkət rəhbərini həbs olunacağı ilə hədələyib, ondan ərizə yazmasını tələb edib. İstəklərinə nail olan MTN əməkdaşları Z.Salmanova bu haqda heç bir yerdə danışmamağı məsləhət görüblər. MMC sahibinə bildiriblər ki, əgər bu haqda kimsəyə məlumat versə, onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət açılacaq.
Xatırladaq ki, Eldar Mahmudovun göstərişinə əsasən, Sübahir Qurbanov "Azimport" MMC-nin rəhbəri Azər Əsgərovu da onun barəsində cinayət işi başlanacağı ilə hədələyib. A.Əsgərova təzyiq göstərilərək R.Məmmədovun həmin tikinti şirkətinin qeyri-rəsmi sahibi olması barədə sənəd yazması istənilib. Sabiq milli təhlükəsizlik naziri və S.Qurbanovun məqsədi isə "Azimport" MMC-nin əmlakını ələ keçirmək olub. Daha sonra MTN əməkdaşları MMC-də qeyri-qanuni axtarışlar aparıb və həmin zaman şirkətdən sənədlər və pullar götürüblər. Eyni zamanda, A.Əsgərov MTN əməkdaşları tərəfindən zorla nazirliyə aparılıb, ona sutkalarla əziyyət verilərək dindirilib və hədə-qorxu gəlinib. Həmçinin, A.Əsgərovun ölkədən çıxışına nazirlik tərəfindən qadağa qoyulub.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov bu ilin may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. R.Məmmədov hazırda MTN-in Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılır.

Tags:  MTN-in sabiq idarə rəisinin həbs edilməsinin səbəbi məlum olub

RƏYLƏR


Top news