Azərbaycanda ilk - Hamilə qadının ürəyində əməliyyat aparılıb

Azərbaycanda ilk - Hamilə qadının ürəyində əməliyyat aparılıb
16:12 8 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Tibb Universitetində Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat ediblər.

Milli.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub.

Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirib. Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib: "Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə ikincili klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin ciddiyyətini daha da artırırdı. Xəstə qadının hamilə olduğunu, ana bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik. Belə bir ilkə məhz Tədris Cərrahiyyə Klinikasında imza atıldığına görə qürur hissi keçiririk". 

Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, həkim Mirəli Məcidovun sözlərinə görə isə, 35 yaşlı qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib: "Bu xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edildi, mexaniki klapan yerləşdirildi. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmadı".

Lakin Mirəli həkim bildirib ki, əməliyyatdan sonra həmin xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks göstəriş olduğunu, dölün salamat qalması ehtimalının çox az olduğunu izah ediblər. Buna baxmayaraq, özü də həkim olan qadın hamiləliyə qərar verib: "Belə tip xəstələrin nəzarətdə saxlamaq çox çətindir. Çünki xəstənin ürəyindəki mexaniki klapanın işləməsi üçün lazım olan dərmanlar uşağın inkişafı üçün zərərlidir. Bu dərmanların bəzilərinin əvəzedicisi isə dünyada yoxdur. Onları yalnız qismən əvəz edən dərmanlar var. Bu müddət ana ilə yanaşı həkimlər üçün çox önəmli və təhlükəlidir. Hər an ananın ürəyindəki klapanın dayanması riski var və bu da xəstənin həyatı üçün çox önəmli bir riskdir. Bu 6 ay ərzində həm döl, həm ana nəzarət altına alındı, mütəmadi olaraq  kardioqram çəkilirdi".

Lakin 10 gün öncə xəstənin vəziyyətinin pisləşərkən dölün müayinəsi zamanı məlum olub ki, dölün həyat fəaliyyəti pozulmayıb. Amma anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. M.Məcidov deyir ki, bu cür hallarda yeganə çıxış yolu xəstənin yenidən əməliyyat olunmasıdır: "Bu, çox ağır bir qərar idi. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradıldı. Konsilium zamanı xəstənin yaxınlarının da razılığı ilə əməliyyata qərar verildi. Burada əsas ananın həyatını qurtarmaq idi. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçdi - həm ananı, həm dölü qurtara bildik".

Əməliyyatda iştirak edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı, Tibb üzrə fəlsəfə doktoru Seymur Musayevin sözlərinə görə, hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının II mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov isə qeyd edib ki, hamiləliyin 24-cü həftəsinə qədər hər şey normal getsə də, bundan sonra xəstənin ayağında çox cüzi şişkinlik və təngnəfəslik əmələ gəlib: "Xəstəxanada konsiulum toplandı, uşaq həkimi, ürək cərrahı həkimləri, anestezioloqlar, reanimatoloqlar fikirlərini bildirdilər. Hətta hamilələyə son verilməsi təklifləri səsləndi. Lakin mən bununla razılaşmadım. Hamılıqla hamilə ikən əməliyyatın icra olunmasına qərar verildi".

T.Canbaxışov deyib ki, bundan əvvəl Tədris Cərrahiyyə Klinikasında ürək əməliyyatları keçirilib, lakin ilk dəfədir ki, belə bir əməliyyat hamilə qadın üzərində aparılıb: ""Əməliyyat uğurla həyata keçirildi. Hipotermiya icra olundu - ürək dayandırılaraq əməliyyat olundu. Bu, dünyada 3-cü, Azərbaycanda isə ilk belə əməliyyat idi. İnkişaf etmiş ölkələrə nəzər salsaq, orada da 90 faiz hallarda əməliyyatlar dölü itirmə ilə nəticələnib. Çünki bu tip əməliyyatlarda ananın ürəyi dayandırılır, xəstə soyudulur. Biz də  bu cür riski göz önünə aldıq".

Pünhan
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR