YAP Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı olub

YAP Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı olub
16:23 8 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Kəngərli, 8 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı olub.
AZƏRTAC xəbər verir ki, konfransı YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov açıb. Bildirilib ki, YAP Kəngərli rayon təşkilatının rəhbər orqanlarının fəaliyyətini təmin etmək məqsədilə YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri müvafiq qərar imzalayıb. Qərara uyğun olaraq, YAP Kəngərli rayon təşkilatının VI növbədənkənar konfransı keçirilir.
Sonra YAP Kəngərli rayon təşkilatının İdarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən YAP ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə elə bir tarixi yol keçib ki, bu yol həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm tarixi mərhələ olub. Partiyamızın yarandığı tarixi ərəfə Vətənimiz və xalqımız üçün ağır sınaqlar, fəlakətlər dövrü idi. Bu zaman Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan Ümummilli Liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv tarixi zərurət idi. Məhz bu zərurətin ifadəsi kimi təsis edilən YAP qısa müddətdə Azərbaycan dövlətçiliyinin əbədi varlığının qarantı və istiqlaliyyətin başlıca təminatçısı olan siyasi güc kimi 1993-cü ildə obyektiv tarixi şəraitin diktəsi ilə hakimiyyətə gəldi.
Vurğulanıb ki, Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri siyasi addımların atıldığı, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının nəzəri əsaslarının formalaşdırıldığı və real həyatda bu əsasda möhkəm bünövrənin qoyulduğu taleyüklü bir mərhələ oldu.
Bildirilib ki, YAP Kəngərli rayon təşkilatı 2004-cü il iyulun 14-də təsis edilib. Həmin vaxt partiyanın 11 kənddə 20 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərirdi. Bu təşkilatlarda 1215 nəfər partiya üzvü birləşirdi. Üzvlərin 170 nəfəri qadınlar, 343 nəfəri isə gənclər idi. Təşkilat yarandıqdan bu günə kimi partiya sıralarına 1649 nəfər qəbul edilib. Bunlardan 738 nəfərini qadınlar, 903 nəfərini isə gənclər təşkil edir. Hesabat dövründə partiya sıralarına 200 nəfər qəbul edilib ki, onlardan 57 nəfəri ali təhsilli, 24 nəfəri orta ixtisas, 119 nəfəri orta təhsilli, 122 nəfəri qadınlar, 145 nəfəri isə gənclər olub. Bu gün YAP Kəngərli rayon təşkilatı 46 ərazi ilk partiya təşkilatında 2662 nəfər üzvü birləşdirir. Partiya üzvlərinin 948 nəfəri qadınlar, 715 nəfəri gənclərdir.
Məruzə ətrafında Yeni Kərki kənd tam orta məktəbinin müəllimi, Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatı Gənclər Birliyinin üzvü Kənan Məmmədov, 2 nömrəli Qarabağlar kənd tam orta məktəbinin müəllimi, Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatı Qadınlar Şurasının üzvü Tutu Əhmədova çıxış ediblər.
Qeyd olunub ki, tarixi zərurətdən yaranan YAP bu gün Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbinin layiqli yetirməsi Prezident İlham Əliyevin sədrliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir, dövlətin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində böyük rol oynayır.
Daha sonra konfransda təşkilati məsələlərə baxılıb.
YAP Kəngərli rayon təşkilatının 19 nəfərdən ibarət şurasının, 9 nəfərdən ibarət İdarə heyətinin, həmçinin Qadınlar Şurasının, Gənclər Birliyinin İdarə heyətinin və Nəzarət-təftiş qrupunun üzvləri seçilib.
YAP Kəngərli rayon təşkilatının sədri seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edib, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün səylə çalışacağını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/YAP_Kengerli_rayon_teskilatinin_VI_novbedenkenar_konfransi_olub-909345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR