Azərbaycan ilə Argentina arasında turizm sahəsində əməkdaşlığa dair Saziş müzakirə edilib

18:08 8 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra gündəlikdə olan məsələlər təqdim olunub.
Komitənin sədri Hadi Rəcəbli gündəlikdəki birinci məsələ – “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə danışıb. Bildirib ki, belə bir sənədin imzalanması hər iki ölkə üçün çox əhəmiyyətlidir. Çünki ölkəmizin yüksək turizm potensialı var. Bu saziş Azərbaycanın Cənubi Amerika ölkələrində tanınması istiqamətində də xeyli faydalıdır. Onun sözlərinə görə, ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də turizm sahəsinin inkişafı istiqamətində önəmli işlər görülür. Hazırda Argentina iqtisadiyyatının bir hissəsini turizm sektoru təşkil edir. Bu baxımdan, böyük təcrübəyə malik olan Argentina ilə əməkdaşlıq vacibdir.
Qanun layihəsinin müzakirəsi zamanı komitə üzvləri sözügedən layihəni dəstəklədiklərini bildiriblər.
Sonra gündəlikdə olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verilib. Qeyd olunub ki, məcəlləyə edilmiş dəyişikliyə əsasən, sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Argentina_arasinda_turizm_sahesinde_emekdasliga_dair_Sazis_muzakire_edilib-909415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR