Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev ölkəmiz üçün əhəmiyyət kəsb edən bütün məsələlərin həllinə nail olub

Date: 8 December 2015 18:13


Naxçıvan, 8 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycanın tənəzzüldən yüksəlişə doğru sıçrayış dövrü kimi xarakterizə edilir. Ulu Öndər bir-birindən fərqli bu iki dövrdə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bütün məsələlərin həllinə nail olub, respublikamızın, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafını təmin edib.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası” mövzusuna həsr olunmuş 201-ci məşğələsində bu barədə danışılıb.
Məşğələni universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev həyatının bütün dövrlərində xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib. İstər 1969-cu ildə Azərbaycan özünün böhranlı günlərini yaşayanda, istərsə də 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə dahi şəxsiyyət Azərbaycanı bu sınaqlardan qətiyyətlə çıxarıb, bütün sahələrdə mövcud olan durğunluğun aradan qaldırılması istiqamətində mühüm işlər görüb, ölkə iqtisadiyyatının sistemli inkişafını təmin edib.
Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın və muxtar respublikanın gələcəkdə daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Universitetin mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov “Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası” adlı məruzəsində qeyd edib ki, Ümummilli Liderin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən sonra Naxçıvan özünün sosial-iqtisadi inkişafında sürətli yüksəliş mərhələsini yaşayıb, qısa müddətdə intensiv inkişafa nail olub. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövr Naxçıvanın hüquqi statusunun möhkəmləndirilməsində mühüm mərhələni təşkil edir. Dahi rəhbər Naxçıvanın təhlükəsizliyini uğurlu diplomatik gedişləri və mühüm hərbi-siyasi addımları ilə təmin edib, ərazi bütövlüyünü qətiyyətlə qoruyub.
Vurğulanıb ki, dahi rəhbərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb yaratdığı, siyasi fəaliyyətlə məşğul olduğu və muxtar respublikamıza başçılıq etdiyi dövr Azərbaycanın müstəqillik tarixində xüsusi mərhələ təşkil edir. Dahi rəhbərin Azərbaycanla, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə bağlı hazırladığı strategiya bu gün onun davamçılarının fəaliyyət proqramının əsasını təşkil edir.
Natiq mövzu ilə bağlı geniş məruzəsində iqtisadi inkişafın tarixinə mərhələli şəkildə nəzər salıb, məruzəsini Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin dəyərli fikirləri ilə yekunlaşdırıb: “Strateji xəttimiz - sərbəst iqtisadiyyat, özəlləşdirmə və sosial inkişaf yoludur”.

Tags:  Heydər Əliyev ölkəmiz əhəmiyyət kəsb edən bütün məsələlərin həllinə nail olub


RƏYLƏR


Top news