Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Söz adamı” kitabının təqdimatı keçirilib

“Söz adamı” kitabının təqdimatı keçirilib

Date: 8 December 2015 18:38


Bakı, 8 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanımış yazıçı-publisist Zemfira Məhərrəmlinin anadan olmasının 60 illiyinə həsr edilmiş “Söz adamı” kitabının tədbir keçirilib.
Tədbirdə çıxış edən AYB-nin katibi Rəşad Məcid kitabda Z. Məhərrəmli haqqında məqalələrin toplandığını bildirib. Topluda əvvəllər ayrı-ayrı qəzetlərdə və kitablarda çap olunmuş Z.Məhərrəmlinin yaradıcılığının, ictimai fəaliyyətinin müxtəlif məqamlarına işıq salan yazılar daxil edilib.
Bildirilib ki, kitabda tanınmış ziyalılar - Azərbaycan Milli Ellər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərovun, Ombudsman Aparatının rəhbəri Elmira Süleymanovanın, Milli Məclisin deputatları - Əflatun Amaşov, Jalə Əliyevanın, AZƏRTAC-ın baş direktoru, Əməkdar Jurnalist Aslan Aslanovun və digər görkəmli ziyalıların Zemfira Məhərrəmli haqqında ürək sözləri yer alıb.
Tədbirdə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza yubilyara təmsil olunduğu qurum tərəfindən ünvanlanmış təbrik məktubunu oxuyub, diplom təqdim edib.
Yubilyarın tələbə yoldaşı, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli onun BDU-nun jurnalistika fakültəsini qırmızı diplomla bitirdiyini, müəllim və tələbələrin sevimlisi olduğunu, Nəsir İmanquliyev tərəfindən “Bakı” qəzetinə dəvət olunduğunu xatırladıb. O, jurnalistin 40 illik səmərəli fəaliyyətinin nəticəsi olan “Qarabağda savaş var”, “Qırx qız dastanı”, “Döyüşə qızlar gedir”, “Ötür durna qatarı” və digər kitablarında bitib-tükənməyən Qarabağ dərdindən, dünyanın hər yerinə səpələnmiş soydaşlarımızla görüşlərdən, onların ümid və arzularından bəhs olunduğunu bildirib.
Tədbirdə Z.Məhərrəmlinin əməksevərliyindən söhbət açan jurnalist dostları - Məzahir Süleymanlı, Fəridə Ləman, Laura Cəbrayılzadə, yazıçı-publisist Elçin Hüseynbəyli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “Şəhid anaları” cəmiyyətinin sədri Rəfiqə Əsgərova, Qazaxıstanda fəaliyyət göstərən “Qobustan” radiosunun aparıcısı Həbib Əliyev və başqaları onun yaradıcılığından, insani keyfiyyətlərindən, sözə həssas münasibətindən danışıblar.
Sonda Z.Məhərrəmlinin ailəsi adından həyat yoldaşı, professor Qulu Məhərrəmli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
 


Tags:  Söz adamı kitabının təqdimatı keçirilib


RƏYLƏR


Top news