Poetik fikir nəhəngi Bəxtiyar Vahabzadənin xatirəsi Minskdə yad edilib

Poetik fikir nəhəngi Bəxtiyar Vahabzadənin xatirəsi Minskdə yad edilib
19:03 8 Dekabr 2015
91 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Minskdə Azərbaycanın Xalq Şairi, tanınmış dramaturq və ictimai xadim Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Azərbaycanın Belarus Respublikasındakı səfirliyinin, Belarus Respublikasının “Azərbaycan icmaları konqresi” beynəlxalq ictimai birliyinin və bu qurumun gənclər bölməsinin nümayəndələri, Belarus ali məktəblərinin tələbələri və başqaları iştirak ediblər.
Tədbirin əvvəlində Belarus Dövlət İqtisad Universitetinin tələbəsi Olqa Yaroçkina “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında rəqs edib.
Sonra “Azərbaycan icmaları konqresi” beynəlxalq ictimai birliyinin sədri Natiq Bağırov çıxış edib. O qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfələr vermiş görkəmli şəxsiyyətlərdən biridir.
Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Salatın Mirzəyeva vurğulayıb ki, Bəxtiyar Vahabzadə bizdə Azərbaycan dilinə, doğma torpağa məhəbbət hissi tərbiyə edib. O, əsl vətənpərvər idi və doğma diyarı Şəkini çox sevirdi.
Gecənin aparıcıları – Belarus Dövlət Universitetinin tələbəsi Ramil Hüseynov və Belarus Dövlət İqtisad Universitetinin tələbəsi Polina Poteyenok da şairin həyatından maraqlı faktlar əsasında qonaqları Azərbaycan poetik fikrinin bu əfsanəvi nümayəndəsinin yaradıcılığı ilə tanış ediblər. Azərbaycanlı və Belaruslu tələbələr görkəmli şairin şeirlərini Azərbaycan və rus dillərində oxuyublar. Minsk şəhərinin müxtəlif ali məktəblərinin tələbələri: Aytən Mursaqulova (Belarus Milli Texniki Universiteti), Dilşad Ağayeva (Belarus Dövlət Universiteti), Həmid Yusifov və Elvin Əkbərov (Belarus Dövlət Tibb Universiteti), Polina Poteyenok (Belarus Dövlət İqtisad Universiteti) xatirə gecəsində çıxış ediblər.
Ədəbi-bədii gecədə təşkil edilmiş “Açıq mikrofon” sayəsində bu tədbirin hər bir iştirakçısının Bəxtiyar Vahabzadə yaradıcılığına öz münasibətini bildirmək, şairin əsərlərindən sevdiyi nümunələri oxumaq imkanı vardı.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Poetik_fikir_nehengi_Bextiyar_Vahabzadenin_xatiresi_Minskde_yad_edilib-909449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR