Binəqədi rayonunda “Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinin icrasına başlanılıb

Binəqədi rayonunda “Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinin icrasına başlanılıb
19:18 8 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və Binəqədi Rayon İcra Hakimiyyəti rayon ərazisindəki təhsil müəssisələrində “Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinin reallaşdırılmasına başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın milli mənəvi dəyərlərinin, azərbaycançılıq məfkurəsinin, ölkəmizin tolerantlıq mühitinin və bu sahədə dövlət siyasətinin geniş təbliğ edilməsidir.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 115 nömrəli tam orta məktəbdə keçirilən iki dərsdə mövzuya dair mühazirələr dinlənilib.
Tədbirlərdə rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və rayon ərazisindəki 32 ümumtəhsil müəssisəsinin 200-dək tarix müəllimi iştirak edib.
“Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusundakı birinci dərsi aparan Etibar Nəcəfov mühazirəsində ölkəmizdə zəngin multikultural dəyərlərdən söhbət açıb, Azərbaycan xalqının tarixən mədəni yaşam tərzinə, əxlaqi dəyərlərə və yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu vurğulayıb. Qeyd olunub ki, məhz bu səbəbdən ölkəmizdə bütün xalqların nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıb və yaşamaqdadırlar. 1990-cı illərin əvvəllərindəki böhranlı dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin formalaşdırmağa başladığı müasir müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasının təməllərindən biri ölkədəki bütün dinlərin və millətlərin nümayəndələrinə hörmətlə yanaşılması‚ dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi.
Gündüz İsmayılovun apardığı ikinci dərsdə isə “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət–din münasibətləri” mövzusunda məruzə dinlənilib. G.İsmayılov çıxışında milli ruhun qorunmasında, inkişaf etdirilməsində və gələcək nəsillərə çatdırılmasında güclü milli dövlətçiliyin mühüm rol oynadığını bildirib. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Mövzular ətrafında təqdimatlardan sonra auditoriyanın sualları cavablandırılıb.
Müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşən tədbir iştirakçıları milli mənəvi dəyərlərimizin qorunması və onun gənc nəsillərə aşılanmasında belə layihələrin əhəmiyyətini qeyd ediblər.
Layihə çərçivəsində dekabrın 9-da “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində fəaliyyəti” mövzusunda növbəti dərs keçiriləcək. Dekabrın 10-da isə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda daha bir dərs təşkil olunacaq. Dərsləri müvafiq olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Mövsüm Nağısoylu aparacaqlar.
“Tolerantlıq nümunəsi Azərbaycan” layihəsi dekabrın 12-dək davam edəcək.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bineqedi_rayonunda_Tolerantliq_numunesi_Azerbaycan_layihesinin_icrasina_baslanilib-909457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR