“Formula-1” üzrə Avropa Qran-prisinin onlayn biletləri dekabrın 19-da satışa çıxarılacaq

“Formula-1” üzrə Avropa Qran-prisinin onlayn biletləri dekabrın 19-da satışa çıxarılacaq
19:38 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Gələn ilin iyununda Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletlərinin onlayn satışına dekabrın 19-da başlanacaq. Bilet satışının başlanması şəhərdə keçiriləcək möhtəşəm “Son altı ay” tədbiri ilə eyni günə təsadüf edəcək.
“Bakı Şəhər Halqası” şirkətindən AZƏRTAC-a bildiriblər ki, “Formula-1” təqviminə yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini www.bakucitycircuit.com saytı vasitəsilə yarışın başlanmasına altı ay qaldıqdan sonra əldə etmək mümkün olacaq.
Dənizkənarı Milli Parkda canlı musiqi və möhtəşəm atəşfəşanlıqla müşayiət olunacaq “Son altı ay” tədbiri ilə gələn ilin iyununda Bakının tarixi məkanlarını da əhatə edəcək “Formula-1” yarışının başlanmasına altı ay qalması rəsmi şəkildə bildiriləcək.
“Bakı Şəhər Halqası” şirkətinin icraçı direktoru Arif Rəhimov qeyd edib ki, bilet satışının başlanması hər bir mötəbər idman tədbiri üçün vacib mərhələdir. Biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanması və “Son altı ay” bayramı “Formula-1”in gəlişi yaxınlaşdıqca Bakıda daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq.
Avropa Qran-prisi azarkeşlərə start/finiş zolağına mükəmməl mənzərənin açıldığı Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara biletlər üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zonalarından baxmağa imkan verən ayaqüstü biletlər də satışa çıxarılacaq.
İyunun 17-19-da milyonlarla izləyici Bakı Şəhər Halqasında “Formula-1” avtomobillərinin UNESCO-nun Dünya İrsinə Siyahısına daxil edilmiş İçərişəhərdən keçərək Bakının müasir göydələnlərini və Xəzər sahilini əhatə edən marşrut üzrə sürətli hərəkətlərinin şahidi olacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Formula_1_uzre_Avropa_Qran_prisinin_onlayn_biletleri_dekabrin_19_da_satisa_chixarilacaq-909463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR