AMEA Avropa Komissiyasının “Erasmus+” proqramında fəal iştirak edir

AMEA Avropa Komissiyasının “Erasmus+” proqramında fəal iştirak edir
19:43 8 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin rəisi, dosent Qulam Babayev və həmin idarənin şöbə rəisi Bünyamin Seyidov Fransanın Monpelye şəhərində Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Nizami” layihəsi üzrə keçirilən ilkin görüşlərdə iştirak edirlər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Azərbaycanda doktorantura təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması və qarşılıqlı tədqiq edilməsidir. Üç il davam edəcək layihədə tərəfdaş qurumlar birgə iş aparacaq, ölkəmizin Avropa təhsil sisteminə inteqrasiyasını təşkil edəcəklər.
Monpelye Universitetinin əlaqələndiricisi olduğu layihədə Azərbaycan tərəfdən Təhsil Nazirliyi, AMEA, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Memarlıq və İnşaat, Xəzər, Qafqaz, Azərbaycan Dillər, Azərbaycan Texniki, Naxçıvan Dövlət və Azərbaycan Dövlət Aqrar universitetləri, Avropa ölkələrindən isə Fransanın Monpelye, İsveçin Uppsala, Almaniyanın Heydelberq, Çexiyanın Mazarıkova, İspaniyanın Barselona və Türkiyənin Fatih universitetləri iştirak edirlər.
İlk görüşdə AMEA-nın ümumi strukturu, elmi-innovativ fəaliyyəti, beynəlxalq əlaqələri barədə geniş təqdimatla çıxış edən Qulam Babayev son illər akademiyada doktorantura təhsil sistemində aparılan məqsədyönlü islahatlardan danışıb. O, bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdırıb, bütün bunların yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildirib. Layihənin Azərbaycan doktorantura təhsil sisteminə töhfə verəcəyini söyləyən Q.Babayev Avropanın aparıcı universitetlərinin bu layihədə iştirakının birgə təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaradacağını qeyd edib.
Dekabrın 10-da AMEA-nın nümayəndələrinin Parisdə Fransa Elmlər Akademiyasının beynəlxalq əlaqələr departamentinin rəhbərliyi ilə görüşü və iki akademiya arasında əməkdaşlıq imkanlarının müzakirəsi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_Avropa_Komissiyasinin_Erasmus_proqraminda_feal_istirak_edir-909467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR