Dilənçidən aldığım dərs

Dilənçidən aldığım dərs
21:27 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Hardasa 12-13 il əvvəl, ali məktəbə hazırlaşdığım dönəmlərdi. Əsgərlikdən yenicə gəlmişdim və Bakıda hazırlıq kursunda təhsil alırdım. Kirayədə yaşayan 20 yaşlı gəncin valideyin hesabına ali məktəbə hazırlaşması çox çətindir. Hələ siqaret çəkirsənsə, yad şəhərdəsənsə, ara-sıra dostlarla, əsgər yoldaşlarınla görüşürsənsə, sevdiyin qız varsa və onunla da görüşməyə ehtiyac duyursansa, lap dəhşətdir. Atamın verdiyi cibxərcliyi ancaq metrodan istifadə etməyimə yetirdi.

Bir ara məcburiyyətdən çörək sexində işləməyə başladım. Gecə növbəsindən çıxıb dərsə qaçdığım günlər olurdu. Şişirtmirəm, həqiqətən, çox çətinlik çəkirdim. Bax, elə həmin günlərin birində, nahar fasiləsində təhsil aldığım kursun ətrafında dolaşıb, nahar fasiləsinin bitməyini gözləyirdim. 
Yemək yeməyə pulum yox idi və vəziyyətim olduqca acınacaqlı idi. Cibimdə, sadəcə, metroyla yataqxanaya qayıdacaq pul vardı; köhnə pulla bir "Nizami", indiki pulla heç zad. Yuxusuzluqdan şişmiş gözlərimi bir nöqtəyə zilləyib xeyli uzanmış saqqalımı qaşıya-qaşıya siqaret sümürürdüm. Təbii ki, hələ ali məktəbə daxil olmadığım üçün bu vəziyyətimdə belə, gələcəklə bağlı olduqca möhtəşəm xəyallar qururdum (Tələbəliyin ilk ilində başa düşdüm ki, xam xəyallar qurmuşam).

Xəyyallar qanadında uçduğum məqamda, gələcəyin başgicəlləndirici uğurlarını düşündüyüm anda, 65-70 yaşlarında bir dilənçi qadın yaxınlaşdı və zarıltılı, yalvarış dolu səslə: "Allah xatirinə, köməklik elə" dedi. Bilmirəm niyə, amma o qadının səs tonundakı yazıqlıq, fağırlıq məni kövrəltdi. Hiss elədim ki, qadın bir də yalvarsa, ağlayacam. Qadının məlul gözlərinə baxıb sonuncu pulumu cibimdən çıxarıb qadına uzatdım. Qadın əlimdəki əzik "Nizami"yə baxıb başını buladı. Bayaqdan zarıyan qadın heyrətamiz dərəcədə ötkəm səslə:
- Axırıncı pulundu, saxla özünə.
Özümü saxlaya bilmədim. "Nizami"ni əlimdə bərk-bərk sıxıb, uzun illərin tanışı kimi 20 yaşıma qədər yaşadığım bir çox hadisəni, xüsusilə ali təhsil üçün çəkdiyim sıxıntıları anlatdım. Axırda da, nahar eləməyə pulum olmadığını, ona görə veyilləndiyimi, vaxt öldürdüyümü deyib, kədərin dozasını bir az da artırdım. Qadın başını bulaya-bulaya, deyinə-deyinə, bəlkə də mənə dua edərək gəldiyi kimi də getdi. Yenidən xoş gələcək haqqında düşünməyə başladım...

...Sonra bilirsiniz nə oldu?
Qadın əlində dörd ədəd qaynar "peraşki"ylə geri qayıtdı. Salfetə bükülmüş iki peraşkini mənə uzatdı. Etiraz eləmədim. Divara söykənib, iştahla yeməyə başladıq. Bəlkə də o anda kursdan məni tanıyan bir nəfər görsə, utanar, tər tökərdim. Bəlkə də, o qadın üzümə baxsa, utanardım, tikə boğazımdan keçməzdi. Yaxşı ki qadın üzümə baxmırdı. Qadının insanlığı, paylaşmaq mədəniyyəti məni çox sarsıtmışdı. Amma aclıq da güc gəlmişdi, bəlkə də ilk dəfə idi udduğum tikələr boğazımda düyümlənirdi. Qadın yeməkdən sonra yenə rabitəsiz nələrsə danışdı, amma illər keçsə də, onun dediyi bir deyimi unutmuram: "Tək yediyin loxma boğazda qalar".
O gün yataqxanaya qayıdandan sonra kişi kimi hönkürüb ağlamışdım. Həm də çox böyük dərs almışdım. Sonuncu pulumu uzatdığım bir dilənçi mənə böyük bir insanlıq dərsi vermişdi...

...Əgər sizin 20 yaşınız varsa və adi bir dilənçi sizə bu şəkildə jest edirsə, mütləq ömürlük dərs alacaqsınız. O gün o dilənçi qadından paylaşmağı, bölüşməyi öyrəndim. İllər keçsə də, o qadını heç vaxt unutmadım. Bahalı restoranlarda yemək yeyəndə də, hansısa dilənçiyə pul uzadanda da...

Şübhəsiz ki, bu əhvalatı təkrar xatırlamağımda və sizlərlə bölüşməyimdə bir hikmət vardır...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR