BSU-da beynəlxalq elmi-praktik  seminarın açılışı olub

BSU-da beynəlxalq elmi-praktik  seminarın açılışı olub
21:28 8 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 7-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanın orta və ali məktəblərində rus dilinin tədrisi: xüsusiyyətlər və tələbat” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik seminar açılıb. Seminar BSU, Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyası (BRDƏMA) və Rusiyanın “Russkiy mir” Fondu tərəfindən təşkil olunub.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Asif Hacıyev seminarın mahiyyətindən söz açaraq, BSU-nun çoxşaxəli fəaliyyəti barədə məlumat verib. O bildirib ki, universitetdə slavyanşünaslığın müxtəlif istiqamətləri üzrə kadrlar hazırlanır, gələn ildən isə serb və makedon dillərinin tədrisinə başlanacaq.
Rektor BSU-nun fəaliyyətində rusistikanın aparıcı rolundan, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə sahələri üzrə mütəxəssis hazırlanmasından, habelə həmin sahələrdə fundamental elmi araşdırmalardan söz açıb. BSU dünyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir. Professor A.Hacıyev BSU-nun başqa ölkələrin universitetləri ilə müştərək elmi layihələrindən, həmçinin cümlədən Moskva Dövlət Linqvistika Universitetində və Ural Federal Universitetində Azərbaycan dilinin tədrisindən danışıb.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Beynəlxalq Rus Dili və Ədəbiyyat Müəllimləri Assosiasiyasının prezidenti, Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Təhsil Akademiyasının prezidenti, “Russkiy mir” Fondunun Himayədarlar Şurasının sədri, akademik Lyudmila Verbitskaya Azərbaycanın sürətli inkişafına, Bakının gözəlliyinə heyran qaldığını bildirib. O deyib ki, seminarda rus dilinin tədrisinin ən müasir metodikaları, dərsliklərlə bağlı məsələlərə toxunulacaq. O, Azərbaycanda rus dilinin inkişafına xüsusi münasibətdən məmnun qaldığını bildirərək vurğulayıb ki, ölkəmizdə rus dilinə münasibət başqa ölkələrə nümunə ola bilər.
Seminar çərçivəsində professorlar A.Hacıyev və L.Verbitskayanın moderatorluğu ilə “Rus dilində təhsil alan xarici məktəb şagirdlərinin şifahi nitqinin qiymətləndirilməsi meyarları” mövzusunda “dəyirmi masa”, rusiyalı mütəxəssislər tərəfindən ustad dərsləri, mühazirələr keçirilib. “Dəyirmi masa”da və digər tədbirlərdə rusiyalı mütəxəssislər – Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Olqa Rudenko-Morqun, Moskva Dövlət Universitetinin professoru Andrey Boqomolov, Sankt-Peterburq Dövlət Universitetinin professoru Tatyana Popova və bu universitetinin müəllimi Arseni Parfyonov, BRDƏMA katibliyinin direktoru Aleksandr Korotışev çıxış ediblər. Müzakirələrdə azərbaycanlı alimlərin – BDU-nun kafedra müdiri, professor Ədibə Paşayevanın, BSU-nun professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyevanın, «Россотрудничество» Agentliyinin nümayəndəsi Lyudmila Yakuninanın, ATU-nun professoru Alimə Osmanzadənin, BSU-nun kafedra müdiri, professor İlyas Həmidovun və başqalarının çıxışları da maraqla qarşılanıb.
Qonaqlara BSU-nun yeni nəşrləri, o cümlədən , “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının yeni nömrələri, yeddi cilddə “Sergey Yesenin dilinin lüğəti” və BSU tələbələrinin İsmayıllı rayonunun İvanovka kəndindən topladığı folklor nümunələri məcmuəsi təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BSU_da_beynelxalq_elmi_praktik_seminarin_achilisi_olub-909495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR