Xilas edilən neftçi: “Yaxınlarım ikinci dəfə doğulmağıma sevinirlər”

Xilas edilən neftçi: “Yaxınlarım ikinci dəfə doğulmağıma sevinirlər”
22:52 8 Dekabr 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərdən bəziləri xilas edilib.  

Onlardan ikisinin danışdıqlarını oxucularımıza təqdim edirik. 10-cu özüldə operator işləyən Mais Abbasov başına gələnləri belə nəql etdi: "Həmin gün həddindən artıq, çox güclü külək var idi. Külək nəticəsində yüksəktəzyiqli qaz xəttində çox ani bir məqamda partlayış oldu. Güclü yanğın başladı. Küləkdən, yanğından qaça bilmirdik. Daha doğrusu, qaçmağa yerimiz yox idi. Tüstüdən boğulurduq. Məcbur olub xilasetmə üçün nəzərdə tutulan xüsusi qayıqlara mindik. Həmin qayıqlarla platformadan bir az aşağı - suya tərəf endik. Yəni alov vurmayan yerə. İki qayıq idi. Bizim olduğumuz qayığı külək vurub iki borunun (sıvay) arasına saldı. Biz asılı vəziyyətdə orada qaldıq. Ləpə, külək həddindən artıq güclü olduğuna görə ikinci qayıq dözmədi və suya düşdü. Bizim daha onlardan xəbərimiz olmadı. Onlar başqa qayıqda olduqları üçün bir-birimizdən xəbər tuta bilmədik. Biz 18 saat qayıqda qaldıq. Ondan sonra Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəldilər və bizi oradan çıxartdılar. İnanırdıq, ümid edirdik ki, gəlib bizi xilas edəcəklər".

Xilas olunan energetik Ənvər Əliyev isə bunları dedi: "Qəfil partlayış baş verdi. Qırılıb suya düşən qayığın içindəkilərdən biri də mənəm. Bizim oradan xilas olmağımız möcüzə kimi bir şey idi. Deməli, əcəlimiz yetməyibmiş. Qayıqda bir müddət durduq. Ancaq külək qayığı platformanın dayağına çırpdığı üçün qırıldı və biz suya düşdük. Suya düşəndən sonra qayıq müxtəlif hissələrə parçalandı. Biz bilmirdik ki, kim hara düşüb. Qayığın bir parçasının üstündə dayanmağa çalışdıq. 7 nəfər idik. Həmin hissədən tutub gözləyirdik, batmırdıq. Sonra "Topaz" gəmisi yaxınlaşdı. Axıracan ümid elədik ki, xilas olunacağıq. Heyif yoldaşlarımızdan. Düzdür, aqibətlərini bilmirəm, təki onlar da salamat olsunlar. Xilas olandan sonra ailə üzvlərimlə, yaxınlarımla görüşdüm. İkinci dəfə doğulmağıma sevinirlər".
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR