Qulaq çöpündən istifadə etməyin!

Qulaq çöpündən istifadə etməyin!
23:22 8 Dekabr 2015
201 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az otorinolorinqoloq, cərrah Sadiq Rzayevin lent.az-a müsahibəsini təqdim edirik.

- Baş ağırları sinir sistemi ilə yanaşı, başqa hansısəbəblərdən dolayı yarana bilər?

- Mənə müraciət edən xəstələrin üçündən 1-i nevropatoloqlar tərəfindən yönləndirilir. Ən sıx rast gəlinən hallar sinusitlərin verdiyi baş ağırları, burun çəpərinin yaratdığı yorğunluq və baş ağrıları, daxili qulaq problemi olan baş gicəllənmələri, çeynəmə zamanı özünü büruzə verən orta qulaq problemi ilə bağlı yaranır.

Bundan başqa, sevindirici haldır ki, orta qulaq iltihabına az rast gəlinir. Bu zaman üst sinir zədələnə və paliz yarana bilər. Nəticədə ağız bucağı sallana, hətta üz mimikaları itə bilər. Bu, orta qulaqda yaranan çirkin o nahiyədən keçən üst sinirin zədələnməsi səbəbilə baş verir. Bəzən bu xəstəliyin müalicəsi uzun müddət davam edir. Adətən, fizioterapiya üsulundan istifadə olunur. Hətta üst sinirin dekopresiyası dediyimiz, texniki cəhətdən çox ağır əməliyyat tələb oluna bilər.

- Son illər qrip əlaməti kimi görünsə də, bu xəstəliklə əlaqəsi olmayan burun axması müşahidə olunur. Səbəb nə ola bilər?

- İlk növbədə, atmosferin çirklənməsi. Avtomobillərin havaya buraxdığı zərərli maddələr insanın tənəffüs sisteminə keçir. Bundan əlavə, zavodlar, fabriklər, passiv siqaret çəkmə və s. Burnun selikli qişası bu səbəblərdən dolayı qaşınır, nəticədə burun daha çox selik ifraz edir, bir növ zərərverici faktorları atmağa çalışır. Yəni, əksər hallarda ilk səbəb allergiyadır. Daxili səbəblərdən dolayı, məsələn, qurd xəstəliyi də müəyyən narahatlıqlara səbəb ola bilər.

- Yeri gəlmişkən, allergiya qulaq, burun və boğaz nahiyələrində daha hansı patologiyalara səbəb ola bilər?

- Allergiyanın bir müsbət tərəfi var - dərmanların köməyi ilə qısa zamanda aradan qaldırıla bilər. Ən mənfi tərəfi isə odur ki, allergiyanın birdəfəlik müalicəsi mümkün deyil. Bu, immun sisteminə bağlı problem olduğu üçün adətən, ömür boyu davam edir. Ən effektiv üsul allergen maddələrdən uzaq durmaqdır. Bəzən bu, mümkün olmur. Məsələn, yaşadığınız ərazidə allergen təsirə malik bitkilər olan halda. Allergiya insanda tənəffüs pozğunluğundan başqa, burun polipi adlanan inadkar bir xəstəliyə də səbəb ola bilir. Əməliyyat olunsa belə, birdəfəlik aradan qaldırmaq mümkün deyil. Təxminən 20-30% xəstələrdə bu problem yenidən yaranır.

Allergiya qulaqda da problem yarada bilər. Hətta bronxial astmanın yaranmasında da allergiyanın payı çoxdur.

- Daxili qulaqda yaranan kristalları tamamilə aradan qaldırmaq mümkündürmü?

- Əksər hallarda, fizioterapevtik proseduralardan sonra təmizlənir.

- Bəs yaş faktoru nə dərəcədə rol oynayır? Hansı yaşlarda daha çox rast gəlinir?

- Effekt əldə olunması çox da yaşa bağlı deyil. Prosedurun düzgün aparılması müsbət nəticə verə bilər. Ümumiyyətlə, bu patologiya yaşa dolan insanlarda daha çox rast gəlinir. Cavanlarda nadir hallarda müşahidə etmək olar. Təcrübə də göstərir ki, maddələr mübadiləsi pozulmuş yaşlı insanlarda bu problem daha çox yaşanır.

- Burunda ətlər hansı yaşlarda yaranır və əməliyyat nə zaman mütləqdir?

- Burun əti çox geniş anlayışdır. Fərqli növləri var. Ən geniş yayılmışlar adenoidlər - burun balıqqulaqları və burun polipləridir. Adenoidlər daha çox uşaqlarda yaranır. Hər ikisi isə daha çox yaşlılarda. Hətta burunda xərçəng də səbəb kimi göstərilə bilər - xəstə burunda ət olduğunu, tez-tez qanadığını deyir. Xüsusilə, yeniyetmə oğlanlarda gənclik angiofibroması da müşahidə olunur. Bu halda burunda damar şişi yaranır. Əməliyyatı kifayət qədər ağırdır. Ümumiyyətlə, ətlər müxtəlifdir və əməliyyatlar da növünə görə dəyişir.  

- Xərçəng özünü gec büruzə verən xəstəlikdir. Bəs otorinolarinqologiyada necə, ilk mərhələlərdə xərçəngin əlamətlərini görmək mümkündürmü?

- Bizim sahədə ən çox qırtlaq xərçənginə rast gəlinir. Bunun da əsas səbəbi siqaret çəkməkdir. Təbii ki, nə zaman müəyyən olunması müalicəyə təsir göstərir. Amma bir məqam da var. Siqaret çəkən insanlarda zamanla səsdə qalınlaşma olur. Bu səbəbdən də insan ilk mərhələdə şiş olduğundan şübhələnmir. Əgər zamanında müəyyən olunsa, qırtlaq xərçənginə qalib gəlmək mümkündür.

- Bir çox həkimlər körpələrin qulağını qulaq çöpü ilə təmizləməyi məsləhət görmür. Sizin bu məsələyə münasibətiniz necədir?

- Birmənalı şəkildə, qulaq çöplərindən istifadə etmək olmaz. Çünki xarici qulaq keçəcəyinin diametri təxminən 1 sm-dir. Həm də burada proses kor-koranə həyata keçirilir, gözlə görünmür. Əslində isə çirk çöpün ucunda daha dərinə ötürülür. Qulaq problemi ilə müraciət edənlərdən qulaq çöpündən istifadə edib-edilmədiyini soruşuram. 90%-nin cavabı müsbət olur. Qulaq kirinin antibakterial, göbələyə qarşı müdafiə funksiyası var. Onun təmizlənməsi qulağı müdafiəsiz qoyur, dərisini qurudur, nəticədə qaşınma yaranır. Həkimlərin apardığı statistikalar da qulaq çöpündən istifadəni məsləhət görmür. Qulağı dəsmalla qurulamaq lazımdır. Diskomfort hissi olarsa, saç fenindən istifadə etmək olar.

- Körpələrdə qulaq ağrısı olan zaman nanə cövhəri və kamfora yağından istifadə olunur. Bu, doğrudurmu?

- Sinir ağrılarında rahatlada bilər. Qısa müddətlik də olsa, effekt üçün istifadə etmək olar. Ancaq irinli, iltihabi proses varsa, çox da faydalı olmayacaq. Hətta ağrıkəsici iynə vurulsa belə, çox da təsirli olmayacaq. Yaxşı olar ki, mütəxəssisə müraciət etsinlər.

- Damaq badamcıqlarını əməliyyat yolu ilə götürmək mütləqdirmi?

- Əslində, damaq badamcıqları anadangəlmə olur. Sadəcə, ölçüləri çox kiçik olur. Bir orqan çox işlədiyi zaman böyüməlidir. Məsələn, idmançılar çox məşq etdikləri üçün əzələləri böyüyür. Damaq badamcıqları da iltihabi xəstəliklər zamanı böyüyür. Nəticədə ya ölçüsü böyük olduğu üçün nəfəsalmada çətinlik yarada, ya da böyük olmasa belə, infeksiya mənbəyi ola bilər. İnsan tez-tez xəstələnəndə mikrob yığıla bilər. Təmizləmə isə asan olmur. Bu iki halda ətlər problem yaradır. Digər hallarda, ətlərə toxunmaq doğru deyil. Onlar olmalıdır və lazımlı funksiyalara malikdirlər. Əgər xroniki hal almış angina müşahidə olunursa, badamcıqların götürülməsi tövsiyə olunur. Amma başqa növ ağırlaşma, məsələn, revmatizmə səbəb olmursa, ətlərə toxunmağa dəyməz.

- Faringitlə mübarizə aparmaq üçün nə məsləhət görürsünüz?

- Faringit peşə xəstəliyidir. Müəllim, diktor, müğənnilərdə rast gəlinən bir problemdir. Səbəblərindən biri səsin düzgün istifadə olunmamasıdır. Gündəlik rejimin olmaması da faringit yarada bilər. Əgər boğaz gücə salınmasa, sağala bilər. Amma gün ərzində səsi kobud istifadə etmək bu problemlə daim yaşamağa gətirib çıxara bilər. Həyatı qısaldan faktoru yoxdur. Kökündən müalicəsi səbəblərdən asılıdır. Çox turşu yemək boğazı yandırır. Yaxud, limonlu çay. Faringiti olan insanlara limondan istifadə etmək olmaz. Yemək yeyəndən dərhal sonra yatmaq da faringit yarada bilər. Qazlı içkilərdən istifadə, yastıqsız yatmaq, zərərli vərdişlər, tumlar, ətraf mühitin çirkli olması, havası dəyişilməyən məkanda çox olmaq, mayonez, ketçup da faringit yaradan səbəblərdir.

- Bəs gecə yatan zaman nəfəs tutulması hansı səbəblərdən yarana bilər?

- Bu, çox ciddi xəstəlikdir. Hətta nəticədə gecə yatıb səhər durmamaq ehtimalı da var. Xorultusu olanlar heç zaman tam dincəlməzlər. Normal yatsalar belə, səhər yuxulu olarlar. Xoruldayan insanın beyni oyaq olur. Beyin yatmağa qorxur ki, ürək dayana bilər. Xorultu qan-damar, təzyiq problemləri də yarada bilər. Kök insanlar daha çox xoruldayarlar. Xoruldayan insanlar daha çox kökələrlər. Mütləq şəkildə çəki atmaq lazımdır. Yatarkən çiyni üstə yatmaq da tövsiyə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR