Oğlu dənizdə itkin düşən ana: “Balamın telefonuna zəng çatmır”

Oğlu dənizdə itkin düşən ana: “Balamın telefonuna zəng çatmır”
23:52 8 Dekabr 2015
220 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" platformasında baş verən faciədə itkin düşənlər arasında Mingəçevir sakini İnqilab İsgəndərov da var. Digər itkin düşənlərin ailəsi kimi, İnqilabın da ailəsi təlaş içində xəbər gözləyir. 

Dekabrın 4-də, saat 18 radələrində "Günəşli" neft yatağının 10-cu platformasında qaz sızması nəticəsində baş verən yanğın zamanı itkin düşənlərin axtarışı davam edir. İtkin düşənlər  arasında Mingəçevir sakini İsgəndərov İnqilab Osman oğlu da var. "Zaman-Azərbaycan" qəzeti olaraq, İnqilabın ailəsində olub, ailəsinin, doğmalarının üzüntüsünə şərik olmağa çalışdıq. Hər bir itkin düşən şəxsin ailəsində olduğu kimi, İnqilabın ailəsi də səbirsizliklə ondan xəbər gözləyir. Ailənin bütün üzvləri təlaş içində gah xəbərləri izləyir, gah da İnqilabın telefonuna zəng çalırlar. Lakin heç bir xəbər ala bilməyən 81 yaşlı ana ümidini üzmür, hər kəsdən oğlu ilə bağlı yaxşı xəbər verəcəyini gözləyir.

İnqilabın anası Qəmər xanım bizimlə söhbətində də göz yaşlarını saxlaya bilmədi. İçin-için ağlayan ana gözlərindən axan yaşı silə-silə son vəziyyəti belə izah etdi: "Oğlum hər gün ailəsi ilə əlaqə saxlayırdı. Dekabrın 4-ü mənə zəng etdi, halımı soruşdu. Dedi ki, ana nigaran olma, sabah işdən çıxan günümdür. Dekabrın 5-də evdə olmalı idi. Mən oğlum dənizə çıxanda həmişə hava xəbərlərini izləyirdim. Ayın 3-də xəbərlərdə bildirdilər ki, 3 gün hava şəraiti pis keçəcək. Həmin dəqiqə İnqilabı fikirləşdim, dedim ay Allah, özün kömək ol".

Qəmər ana deyir ki, daha sonra televiziyadan məlum yanğınla bağlı xəbəri eşidib: "Nəvəm mənə dedi ki, nənə, atam işləyən platformada yanğın olub. Amma bilmədik ki, bu hansı platformadır. Mən dərhal oğlumun telefonuna zəng vurdum, amma zəng çatmadı. Nəvəm Tural kompyuterdən bir nömrə tapıb zəng etdi. Zəngə cavab verən adam bizə dedi ki, İnqilab adında adamın itkinlər siyahısında adı yoxdur. Bu xəbər bizi arxayın saldı. Daha sonra həmin adama yenidən balaca oğlum zəng etdi. Bizə dedilər ki, bağışlayın, biz İnqilab adını İntiqam eşitmişik - itkinlərin siyahısında İsgəndərov İnqilab Osman oğlunun da adı var. Gördüm ki, oğlum və nəvəm öz aralarında nə isə danışıb, Bakıya yollandılar. İndi zəng ediblər, deyirlər ki, burada gözləyirik heç bir xəbər yoxdur. Ay bala, gözlərim yolda, qulağım səsdədir".

Qəmər ananın dediyinə görə, noyabrın 29-da oğlunun 58 yaşı tamam olubmuş: "Oğlumla hər gün əlaqə saxlayırdım. Noyabrın 19-dan dənizdədir, noyabrın 29-da 58 yaşı elə ordaca tamam oldu. Zəng etmişdik, hamımız təbrik etdik, dedik ki, yolunu gözləyirik. Dedi, ay ana, 5 gün qalıb, gələcəm darıxma. O dənizdə olanda çox narahat olurdum həmişə - ta evə gələnə qədər. Oğlum bu yaxınlara balalarına toy etmişdi, sevinirdi".

Söhbətimizin bu yerində Qəmər ana hönkürtüsünü saxlaya bilmir və sanki oğlu ilə danışırmış kimi söhbətinə davam edir: "Uzun boylu oğlum, boyuna qurban deyirəm, sən ananı heç vaxt intizarda qoymazsan. İnanıram ki, oğlumun sağ-salamat gəlməsi xəbərini eşidəcəyik".

İnqilab bəyin həyat yoldaşı Təranə xanım da çox üzgün idi. O da yoldaşından yaxşı xəbər gözləyir. Deyir ki, hər dəqiqə telefonuna zəng edirəm, operator bildirir ki, bu nömrəyə zəng çatmır...

Sonda ana öz arzusunu dilə gətirdi, dedi ki, canımı verərəm, balamı versinlər. Ailəsinin başında olsun.

Qeyd edək ki, İsgəndərov İnqilab Osman oğlu 1957-ci ildə noyabrın 29-da Mingəçevirdə anadan olub. 10 ilə yaxındır ki, dənizdə işləyir. Mingəçevir Politexnik (indiki universitet) İnstitutunun avtonəqliyyat fakültəsini bitirib. Müxtəlif sahələrdə işləyib. Son iş yeri dəniz olub. 2 övlad atasıdır.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR