Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lütfəli Abdullayevin anım günüdür

Lütfəli Abdullayevin anım günüdür

Date: 9 December 2015 00:41

Xalq artisti Lütfəli Abdullayevin anım günüdür.
 
Axşam.az-ın məlumatına görə, Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır.

Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib.

Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib.

İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzunömürlü tamaşalarında çıxış edib.

Onun yaradıcılığını üç bölümə ayırmaq olar: klassik operettalarda oynadığı rollar; tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri; çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.

Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir. Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal ("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.

Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajlar: Hamlet ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şoto Milorava), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote", Vladimir Dolidze).

Aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov), Şakir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Səməndər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", Qulamrıza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Murtuzov və Alanzadə, Eynəkii ("Özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrıza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qüdrət Səda ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Cabbar ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Məmmədəli ("Məmmədəli kurorta gedir", Atif Zeynallı və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Polad baba ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov), Ələsgər ("Həmişəxanım", Salam Qədirzadə və Süleyman Ələsgərov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Mahmudov (Sabitoğlu) obrazlarıdır. Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi.

Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib.

Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu istiqamətdə əsasən şarjla qroteskə əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.
 
Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə ona xalq artisti fəxri adı verilib.

Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.

13 fevral 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Tags:  Lütfəli Abdullayevin anım günüdür

RƏYLƏR


Top news