Vaseda Universitetinin tələbələri: Azərbaycan müasir inkişafı və qonaqpərvərliyi ilə yaddaşlarımıza yazıldı

Vaseda Universitetinin tələbələri: Azərbaycan müasir inkişafı və qonaqpərvərliyi ilə yaddaşlarımıza yazıldı
08:28 9 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 9 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Tokionun Vaseda Universitetinin bir qrup tələbəsi cari ilin oktyabrında “Yaponiya-Azərbaycan mübadilə proqramı-2015” layihəsi çərçivəsində Azərbaycana səfər edib.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri həmin proqramda iştirak etmiş müəllim-tələbə heyətinin bir qrup üzvü ilə görüşərək səfər haqqında onların təəssüratlarını öyrənib.
Proqramın rəhbəri, Vaseda Universitetinin professoru Hiroaki Mohri bildirib ki, tələbələrin qatıldığı bu səfərdən məqsəd son illər böyük iqtisadi nailiyyətlər qazanan Azərbaycanla əyani şəkildə tanışlıq olmaq, iki ölkənin gəncləri arasında dostluq əlaqələri, qarşılıqlı anlaşma yaratmaq idi.
Layihə çərçivəsində Azərbaycana səfərlərin artıq ənənə şəklini aldığını qeyd edən professor, səfərin təşkilində göstərilən yardıma görə Azərbaycanın Yaponiyadakı səfirliyinə və azərbaycanlı dostlarına minnətdarlığını bildirib. Səfərin çox yüksək səviyyədə keçdiyini, tələbələrin ölkəmiz haqqında böyük təəssüratlarla qayıtdıqlarını vurğulayıb. Ölkəmizin keçmiş SSRİ respublikaları arasında yüksək iqtisadi inkişafı ilə diqqəti cəlb etdiyini qeyd edən H.Mohri bildirib ki, Azərbaycan və Yaponiya insanların qonaqpərvərliyi, tolerantlığı, yüksək mədəniyyəti ilə bir-birinə çox bənzəyir.
Universitetin biznesin idarə edilməsi fakültəsinin tələbəsi Kan Hiroyuki ölkəmizin onda çox dərin təəssürat oyatdığını bildirib. Azərbaycanlılar çox qonaqpərvər, istiqanlıdırlar. Səfər zamanı qaldığım evin sakinləri məni ən əziz adam kimi qarşıladılar. Bu ailənin daxilindəki səmimiyyət, mehribançılıq və qonağa diqqət mənim çox xoşuma gəldi. Paytaxt Bakı isə özündə keçmişlə müasir dövrü birləşdirir. Bir tərəfdə tarixi İçərişəhər, digər tərəfdə isə möhtəşəm “Alov qüllələri” kompleksi və dünyanın ən hündür Dövlət bayrağı qülləsi. Bütün bunlar həqiqətən çox gözəl idi. Azərbaycan modern inkişafı və qonaqpərvərliyi ilə yaddaşlarımıza yazıldı.
Ticarət fakültəsinin tələbəsi Andeu Tsubasa da azərbaycanlı ailəsində qaldığını qeyd edərək bildirib ki, Azərbaycanda ailədaxili münasibətlər onun çox xoşuna gəlib. Səfər zamanı çoxlu dost qazandım. Mətbəxiniz, xüsusilə Azərbaycan balı çox xoşuma gəldi. İnsanlarınız çox mehriban idi. Qonaq gedərkən hər şeyin məhz qonağa uyğunlaşdırıldığının şahidi olduq. Sizin çox gözəl adətləriniz, səmimi insanlarınız var. Çox maraqlı və əyləncəli bir səfər oldu.
İqtisadiyyat fakültəsinin tələbəsi Komatsu Takumi bildirib ki, əvvəllər Azərbaycan haqqında heç bir məlumatım olmayıb. Universitetin layihəsi sayəsində Azərbaycan haqqında araşdırmalar apardım və müəyyən məlumatlar əldə etməyə çalışdım. Müsəlman ölkəsi olduğuna görə narahat idim. Amma real olar gedib, Dillər Universiteti və Bakı Dövlət Universitetində tələbələrlə müzakirələr apardıqda düşüncələrimizin eyniliyinin şahidi oldum. Qısası, çox gözəl ölkəniz var.
Biznesin idarə edilməsi fakültəsinin tələbəsi İsa Takuya isə azərbaycanlı gənclərin yüksək dünyagörüşü, savadı, bir neçə dildə sərbəst danışmaları ilə onu heyrətləndirdiklərini bildirib. Onlar təhsillə yanaşı, idmana, fiziki sağlamlığa da xüsusi diqqət yetirirlər. İdmanın müxtəlif növləri, Yaponiyada da geniş yayılmış karate və aykido ilə məşğul olurlar. Belə savadlı, müasir düşüncəli gənclərin yetişməsi deməyə imkan verir ki, ölkəniz gləcəkdə daha böyük uğurlar qazanacaq.
Proqram çərçivəsində tələbələrin Bakı şəhərindən əlavə, Quba və Qusar rayonlarına da getdiklərini, buradakı tarixi və mədəniyyət abidələri ilə tanış olduqlarını söyləyən professor H.Mohri proqramın davamlı xarakter daşıyacağını qeyd edib. Tələbələrlə ayrı-ayrılıqda İsmayıllıya, Lahıca gəzməyə getməyi də planlaşdırırıq. Düşünürəm ki, sürətli inkişafı ilə yaponların diqqətini cəlb edən Azərbaycana maraq çox böyükdür və bu, proqramın davamlı olacağını deməyə əsas verir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vaseda_Universitetinin_telebeleri_Azerbaycan_muasir_inkisafi_ve_qonaqperverliyi_ile_yaddaslarimiza_yazildi-909516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR