Azərbaycanda pul azalır, vergi isə artır

Azərbaycanda pul azalır, vergi isə artır
10:37 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Son bir ildə ölkədə əhalinin gəlirlərinin aşağı düşməsi biznes mühitinin pisləşməsinə gətirib çıxarıb. Bir tərəfdən manatın devalvasiyası sahibkarlığın inkişafına mənfi təsir göstəribsə, digər tərəfdən kredit təşkilatları tərəfindən biznes kreditlərinin azaldılması kapital çatışmazlığı yaradıb. Nəticədə kiçik və orta sahibkarlığın "can üstündə" olduğunu deyə bilərik.

Milli.Az xəbər verir ki, "Bizim Yol" qəzetinin mövzu ilə bağlı hazırladığı məqalədə bildirilir ki, hökumət onlara dəstək vermək üçün stimullaşdırıcı tədbirlər görmək əvəzinə, sadələşdirilmiş vergi dərəcələrini artırdı. Ekspertlər hesab edirlər ki, həm kredit qoyuluşlarının azalması, həm də vergi dərəcələrinin artması kiçik və orta sahibkarlar üçün ölüm deməkdir.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının bu ilin 10 ayına dair məlumatına görə, respublika üzrə ümumi kredit qoyuluşlarının həcmi 18.5 milyard manat olub. Son üç ayda kredit qoyuluşlarının həcmi 1.5 milyard manatdan çox azalıb.

Kreditlərin iqtisadi sahələr üzrə strukturuna baxdıqda əsas azalma kənd təsərrüfatı və ticarət sektorundadır. İstehlak kreditlərində isə əskinə, artım müşahidə edilir.

Məsələn, ticarət və xidmət sektoru üzrə ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 0.8 faiz azalaraq 2.6 milyard manatdan 2.5 milyard manata qədər düşüb. Kənd təsərrüfatı üzrə isə 162 milyon manat (0.9 faiz) azalaraq 685 milyon manata düşüb. Xatırladaq ki, bu ilin ortasında aqrar sektor üzrə kredit qoyuluşları 950 milyon manata qədər yüksəlmişdi. Borc verən təşkilatlar tərəfindən kreditlərə qoyulan məhdudiyyətlər sözügedən sektora da öz təsirlərini göstərdi. İnşaat və əmlak üzrə azalma təqribən 100 milyon manata yaxındır. Oktyabr ayında bu sahədə kredit qoyuluşları 2.4 milyard manat təşkil edib.

Çox təəssüf ki, ən kəskin azalmalardan biri də sənaye və istehsal sahəsindədir. Əgər ilin əvvəlində sənaye və istehsala 2 milyard manatdan çox kredit qoyulmuşdusa, oktyabr ayında bu məbləğ 1.6 milyard manata qədər düşüb.

İstehlak kreditlərində də sentyabr ayı ilə müqayisədə artım olsa da, ilin əvvəlinə nisbətən müəyyən qədər azalma var.

İş adamlarının kapitala əlçatanlığı azaldığı bir vaxtda sadələşdirilmiş vergi dərəcələri xeyli artırılıb. Vergilər Nazirliyinin məlumatına görə, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, ticarət fəaliyyəti üzrə sadələşdirilmiş vergi dərəcəsi 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə isə 8 faiz müəyyənləşib.
İndiyədək mövcud olan qanunvericilikdə isə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna sadələşdirilmiş verginin ödəyicisi kimi alınan şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə Bakı şəhərində 4 faiz, digər regionlarda isə 2 faiz tətbiq etməklə hesablanırdı. İdman mərc oyunları üzrə əldə olunan qazancdan tutulan vergi isə 6 faizdən 10 faizə kimi qaldırılıb.

Bundan əlavə, indiyədək aylıq dövriyyəsi 120 min manatı keçməyənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərdilərsə, gələn ildən bu məbləğ 200 min manata qaldırılıb.

Yuxarıda sadalanan faktorlara münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev "Bizim Yol"a dedi ki, kredit qoyuluşlarının əsas məqsədi sahibkarlıq subyektlərini zəruri vəsaitlə təmin etməkdir: "Ona görə də kredit qoyuluşları iqtisadi aktivliyin artmasına birbaşa təsir göstərir. Hər hansı bir böhran, tənəzzül olanda hökumətlər uçot dərəcələrini aşağı salırlar ki, kreditlər ucuzlaşsın. Bunun hesabına iqtisadiyyatı diriltməyə çalışırlar. Azərbaycanda isə kredit qoyuluşlarının iqtisadiyyatda rolu getdikcə azalır".

İqtisadçı hesab edir ki, kredit qoyuluşlarının azalmasının başlıca səbəbi dollarlaşma səviyyəsinin artmasıdır: "Fevral ayındakı devalvasiyadan sonra banklar ancaq xarici valyutada kredit verməyə üstünlük verdi. Ümumiyyətlə, devalvasiyadan öncə də Mərkəzi Bank onların həcmini məhdudlaşdırmağa çalışırdı. Burada söhbət konkret olaraq istehlak kreditlərindən gedir. Həm bu, həm də baş verən olaylar kredit qoyuluşlarına təsir göstərdi. Nəticədə həmin təsirlər iqtisadiyyatda özünü göstərməyə başlayıb. Əvvəla, satış aşağı düşüb. Xüsusilə, məişət texniki avdanlıqlar kreditlə verilirdi. İndi bu bazarda durğunluq müşahidə olunur. Eyni vəziyyət avtomobil və daşınmaz əmlak bazarında da hökm sürür. Kreditlərin azalması iqtisadiyyatda süstlük yaradıb. Manatın dollara nisbətən 34 faiz ucuzlaşması dollarla götürülən kreditlərin qaytarılmasında çətinlik yaratdı. Müştərilərin kredit tarixçəsi korlanmağa başlandı".

S.Əliyev əlavə etdi ki, Mərkəzi Bank avqust ayından başlayaraq kreditlərin verilməsində yeni metodologiyadan istifadə etməyə başladı: "Yeni qaydalara görə, əhalinin aylıq gəliri ilə kredit ödənişləri arasında əlaqə yaradıldı. Bu isə bank vəsaitlərinə əlçatanlığı azaltdı. Düşünürəm ki, kreditləşmənin azalması prosesi davam edəcək".

İqtisadçıya görə, ölkə iqtisadiyyatında paradoks vəziyyət yaranıb: "Bu gün ticarət dövriyyəsi, satış kəskin azalıb. Bu, hökuməti vadar etməlidir ki, iqtisadi aktivliyi artırmaq üçün dövriyyəyə pul buraxsın. Belə vəziyyətlərdə hökumətlər uçot dərəcələrini aşağı salır, bankları pulla təmin edir. Başqa tərəfdən baxdıqda, devalvasiya qiymətlərin qalxmasını labüd etdi. İnflyasiyanın qarşısını almaq üçün hökumət inzibati yollarla yanaşı, Mərkəzi Bank da pul kütləsini azaltmağa başladı. Statistika onu göstərir ki, pul kütləsi getdikcə azalır. Deməli, bir tərəfdən iqtisadiyyatda süstlük yaranıb, digər tərəfdən Mərkəzi Bank vəziyyəti canlandırmaq əvəzinə pul kütləsini məhdudlaşdırır. Hesab edirəm ki, bu, çıxış yolu deyil. Əgər neft gəlirləri azalırsa, hökumət qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə və 2016-cı ilin dövlət büdcəsi qeyri-neft sektorunun üzərinə düşürsə, deməli, iqtisadi aktivliyi artırmalıdır. Xüsusilə də kiçik və orta sahibkarlığa dəstək verilməlidir. Məsələyə makroiqtisadi baxımdan yanaşmaq lazımdır".

Ekspert qeyd etdi ki,kapital çatışmazlığından əziyyət çəkdiyi bir vaxtda sadələşdirilmiş vergi dərəcələrinin artması sahibkarlar üçün çətinliklər yaradacaq: "Sadələşdirilmiş vergilər sahələrə görə 50 və 100 faiz artırıldı ki, bu da sahibkarlığa təsir göstərəcək. Sadəcə olaraq, dövriyyənin 120 mindən 200 min manata qaldırılması müsbət bir addımdır. Elə mağazalar var ki, onların dövriyyəsi böyükdür və onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır. Sadələşdirilmiş vergi asan olduğuna görə hər kəs dövriyyəsini azaldaraq bu vergi növü üzrə vergi ödəyicisi olmağa qaçırdı. Amma bundan sonra dövriyyənin rəsmiləşdirilməsi məsələsi gündəmə gəlir. Dövriyyənin 200 min manata qaldırılması da rəsmiləşdirilmə prosesini sürətləndirəcək. 2015-ci ildə dövlət büdcəsindən bu vergi yığımı 145 milyon manat, 2016-cı ildə isə 170 milyon manat proqnozlaşdırılır. Deməli, sadələşdirilmiş vergi dərəcələrinin artımı artıq bəlli idi.

Vergi dərəcələrinin artırılması sahəsində bu, hələ ilkin addımdır. Qarşıdakı ildə digər vergi növlərinə də baxılması istisna deyil. Bunun hesabına büdcənin doldurulmasını düzgün hesab etmirəm. Əksinə, imkan vermək lazımdır ki, sahibkarlıq subyektləri daha çox dövriyyəyə sahib olsunlar. Amma vergi dərəcələri artdıqca, kiçik və orta sahibkarlıq obyektlərinin bəzilərinin bağlanmasına gətirib çıxaraq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR