Türkiyəli enerji mütəxəssisi: “Təbii qaz sazişləri ölkəmizi tamamilə Rusiyadan asılı hala gətirib” - MÜSAHİBƏ

Türkiyəli enerji mütəxəssisi: “Təbii qaz sazişləri ölkəmizi tamamilə Rusiyadan asılı hala gətirib” - MÜSAHİBƏ
11:14 9 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Ankaradakı Bilkənt Universitetinin müəllimi, Türkiyə Mühəndislər Palatası enerji komissiyasının sədri Necdət Pamirin APA-ya müsahibəsi

 

- Rusiya ilə yaşanan təyyarə böhranı Türkiyəni təbii qaz və neft idxalatı sahəsində alternativ yollara müraciət etmək məcburiyyəti qarşısında qoyub. Prosesləri necə dəyərləndirirsiniz?

 

- Vəziyyət son dərəcə ciddi olsa da, hökumətin guya atmaq istədiyi addımların ciddi tərəfi yoxdur. Təyyarə böhranından sonra hökumət deyir ki, indiyə qədər qazı Rusiyadan alırdım, ancaq bundan sonra 1-2 gündə Azərbaycandan və Qatardan alaram. Mən TANAP-ın Türkiyə üçün necə əvəzsiz bir layihə olduğunu bilən və o layihənin bir an əvvəl həyata keçməsi üçün hər cür dəstəyi verən adamam. Ancaq realist olmaq lazımdır. TANAP layihəsi vasitəsilə Azərbaycandan Türkiyəyə qaz 2018-2019-cu ildə veriləcək. Ona qədər biz Azərbaycandan ehtiyacımız olan hansı infrastruktur vasitəsilə qaz  alacağıq? Və ya Qatarla maye qaz sazişi imzalandı. Sanki bir anda Rusiya qazımızı kəssə, biz Qatardan ehtiyacımız qədər maye qaz alıb anbarlarımıza doldura biləcəyik. Bu söhbətlərin heç bir ciddi əsası yoxdur. Rusiya bizə verdiyi qazı kəsərmi? Mən buna ehtimal vermirəm, ancaq 1,5 ay əvvəl mən durub desəydim ki, biz rus təyyarəsini vuracağıq və münasibətlərimiz bu qədər pisləşək, təbii ki, inanan olmazdı. Rusiya bizə verdiyi qazı kəsməsə də, bizə gələn boru xətlərinin bəzilərində təxribatlar olar və o şəkildə qazın nəqlində sıxıntı yaşanar. Mən burada  ehtiyacımız olan illik, aylıq və ya həftəlik qaz  miqdarını yox, gündəlik qaz miqdarını gündəmə gətirmək istəyirəm: lütfən, rəqəmlərə diqqət yetirin. Rusiyadan “Mavi axın” vasitəsilə bizə gündəlik 42 milyon kubmetr, digər xətdən isə 48 milyon kubmetr qaz  gəlir. Azərbaycan bizə gündəlik 19 milyon, İran isə 29 milyon kubmetr qaz satır. Əlcəzair və Nigeriyadan gələn gündəlik maye qaz 22 milyon kubmetrdir. İzmirin Əliağa qəsəbəsində isə gündəlik 16 milyon kubmetr qaz istehsal edilir.

 

- Bəs Türkiyənin gündəlik istifadə etdiyi təbii qazın miqdarı nə qədərdir?

 

- Hal-hazırda biz gündəlik 195 milyon kubmetr təbii qaz idxal edib bunun 150 milyon kubmetrindən istifadə edirik. Qış gəldi, indi gündəlik tələbat təxminən 240 milyon kubmetr olacaq. Bunu idxal edib anbarlarda saxlamaq üçün lazımi  infrastruktur yoxdur. Tutaq ki, indi maye qazı aldığımız Əlcəzair və Nigeriya bizə daha çox qaz satdı. Ancaq bizim bugünkündən artıq qaz idxal etmək üçün lazımi infrastrukturumuz   yoxdur. Baş nazirin Azərbaycana getməsini həmişə təqdirlə qarşılayıram. Ancaq Rusiya indiki halda qazı kəssə, biz Azərbaycandan ümid etdiyimiz qazı ala bilməyəcəyik, reallıq bundan ibarətdir. Bunun üçün lazımi infrastruktur çalışmaları tamamlanmalıdır. Ərzurumdan bir nəfər dedi ki, təzək yandırarıq, idarəçilərimiz də onun dediyini təkrarladılar. Bunlar ciddi söhbətlər deyil. Sənaye müəssisələrini təzəklə işlədəcəksiniz? Rusiya bizə gündəlik 90 milyon kubmetr qaz verir, təsəvvür edin ki, bir anda qazı kəsdi. Gündəlik 105 milyon kubmetr qazımız olacaq. İqtisadiyyatımızın nə duruma düşəcəyini hesablayan varmı?

 

- Qatarla imzalanmış maye qaz anlaşması barədə nə demək istərdiniz?

 

- Bayaq da qeyd etdim ki, bizim maye qaz üçün anbarımızın həcmi 2,6 milyon kubmetrdir. Biz təbii qaz məsələsində 99% xaricə bağlı ölkəyik, bunun yarısından çoxu isə Rusiyadan idxal etdiyimiz qazdır. Qatarın maye qazını almaq barədə imzalanmış saziş populizmdən və daxili ictimaiyyətə təskinlik verməkdən başqa bir şey deyil. Qatar o qazı bizə pulsuz belə versə, bir neçə ay içində onu saxlamaq üçün anbarlar tikməyimiz mümkün deyil. Hələ o qazı ölkəmizə gətirəcək olan boru xətlərini demirəm. Mən illərdən bəri deyirdim ki, bir ölkənin enerji ehtiyacı başqa ölkəyə bu qədər bağlı ola bilməz. Təəssüf ki, Rusiya ilə imzalanmış təbii qaz sazişləri ölkəmizi tamamilə Rusiyadan asılı hala gətirib. Müxtəlif mənbələrdən təbii qaz idxal etmək sahəsində  həmişə qardaş Azərbaycandan daha böyük miqdarda qaz almağın tərəfdarı olmuşam. TANAP layihəsi vaxtında işə düşsə, bizim xaricdən asılılığımız bir miqdar azalacaq. Qatar bizi çox sevirsə, Suriyadakı terrorçu qruplara pulsuz silah göndərmək yerinə, bizə pulsuz qaz versin. Polşa Qatardan qaz aldı, ancaq sonra min dəfə peşman oldu. Həm də Qatarın qazı başqa ölkələrə nisbətən bahalıdır. Ona görə də bu cür macəraların heç bir təməli  yoxdur. Türkiyə öz ehtiyacı olan neftin 30%-ni İrandan, 32%-ni isə İraqdan alır. Ancaq hər iki ölkə ilə düşmən vəziyyətindədir. Rusiyadan bu qədər asılılıq olduğu halda bu qədər riskli addımlar atmağa nə ehtiyac vardı? Türkiyənin çox yüksək dərəcədə enerji asılılığından xilas olması üçün yubanmadan yeni infrastruktur investisiyaları yapması lazımdır. Türkiyəyə “təzək yandırmaqla” təsəlli verənlər bu qeyri-ciddiliyi bir tərəfə qoyub müxtəlif mənbələrdən təbii qaz və neft idxal edilə bilmək üçün lazımi infrastruktur yaratma işlərini sürətləndirməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR