Azərbaycanda "donuz qripi" ilə bağlı əmr

Azərbaycanda "donuz qripi" ilə bağlı əmr
11:32 9 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan səhiyyə naziri “donuz qripi" ilə balı əmr imzalayıb. Səhiyyə Nazirliyindən ANS PRES-ə verilən məlumata görə, nazir Oqtay Şirəliyev son günlərdə Azərbaycan ilə həmsərhəd olan İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

“Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır.
Eyni zamanda, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi sənəddə öz əksini tapıb.

Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, Respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.

Sənəddə yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin aparılması, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməsi təmin edilməsi müvafiq quruma tapşırılır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq donuz qripi baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə, donuz qripinin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılır.

Əmrin son bəndində aparılmış laborator müayinələrin nəticələri, o cümlədən dövr edən virus ştamları barədə həftəlik məlumatların Səhiyyə Nazirliyinə təqdim edilməsi bütün səlahiyyətli qurumlara tapşırılır.

Məlumat üçün qeyd edək ki, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır. Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR