İtaliyalı iş adamları Azərbaycandan bu ölkəyə  yerli məhsulların ixracında maraqlıdırlar

İtaliyalı iş adamları Azərbaycandan bu ölkəyə  yerli məhsulların ixracında maraqlıdırlar
13:53 9 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
İtaliyalı iş adamları Azərbaycandan bu ölkəyə yerli məhsulların ixracında maraqlıdırlar.
"Ulduz" şokolad fabrikinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Neapol-Bakı Assosiasiyasının prezidenti Ciuzeppe Caniglianın rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyəti fabrikində olub. İtaliyalı qonaqlar fabrikin istehsal sahələri, anbar və laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara şokoladın hazırlanma texnologiyası, qablaşdırılması, ümumiyyətlə, bütün istehsal prosesləri izah edilib.
Müəssisənin direktoru Elnur Allahverdiyev müasir texnologiyalarla təchiz edilən "Ulduz" şokolad fabrikinin istehsal etdiyi məhsullardan və fabrikin istehsal gücündən danışıb. Bildirilib ki, istehsal prosesində keyfiyyətə daim önəm verən müəssisədə Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmi tətbiq olunur. Ümumilikdə, fabrikin 20-dən artıq ölkəyə hazır məhsul ixrac etdiyini vurğulayan qurum rəsmisi fabrikin müxtəlif keyfiyyət və beynəlxalq sertifikatlar alması, o cümlədən Rusiya, Türkiyə, Almaniya, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalaması barədə də qonaqlara məlumat verib.
Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov italiyalı iş adamlarının ölkəmizə investisiya yatırımında, həmçinin Azərbaycandan İtaliyaya yerli məhsulların ixracatında maraqlı olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, baş qərargahı İtaliyanın Neapol şəhərində yerləşən Neapol-Bakı Assosiasiyası 2014-cü ildə yaradılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyali_is_adamlari_Azerbaycandan_bu_olkeye_yerli_mehsullarin_ixracinda_maraqlidirlar-909599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR