Ümidin üzündəki neft qarası...

Ümidin üzündəki neft qarası...
14:04 9 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

Neçə gündür elə dəhşətli ağlaşma səsləri eşidirik ki, adamın əti ürpənir. Ya gözümüzdəki yaşları birdəfəlik ağlayıb bitirmək istəyirik, ya da nə isə başqa bir şey olur, adını qoya bilmirik.

Təxminən budur mənzərə:

 

...O mütləq dönəcək... sonunda bir ata hıçqırır...

 

...Mütləq qayıdacaq... gözünü gözlərdən qaçıran dodağı titrəyir bir məğrur qadın üzünü əlləri ilə qapayır...

 

... O ölə bilməz axı... hikkə ilə əlini divara vuran bir qardaş durub qarşımızda...

 

...Yaşımın yarısı qədər görmüşəm atamı, o biri yarısını qədər də dənizdə olub o... dənizə lənət oxuyan, amma ailələrinə gələn çörək dənizdən çıxan bir övlad təəssüfüdür bu...

 

....Mənə ad günümdə özünü itirməyi oldu hədiyyəsi...bu da bir övlad hönkürtüsüdür...

 

***

 

Sonra xəstəxana, hələ özünə gəlməmiş, qorxudan, soyuqdan keyləşmiş adamlara onların “pəncərəni ört, dənizin, dalğalarının səsi hələ qulağımdadır” deyən neftçi . Dənizin əlindən canı qurtulub, qorxunun, xofu qucağında yırğalanır hələ ki...

 

Bir də 63 nəfər arasındakı yeganə xadimə qadın. Onun qorxulu xatirəsi: “O 22 yaşında oğlan var idi haa...bax o yerə su tökmüşdü mən gedib onu yığışdırası idim... yığışdıra bilmədim...deyirlər o uşaq da yoxdu...axı yanımda idi..bir də gəldilər ki, bibi jiletini geyin yanğın var”.

 

Bir sözlə, sağ qalsalar da yarımcan eləyib qorxu onları...Onlar insanın nə qədər güclü olması haqda nağıllara inanmayacaqlar artıq. Çünki dəniz bu nağılın əksini isbatlayıb onlara. Onlar ölümü üzbəüz görənlərdirlər həm də. Maraqlıdır necədir sifəti ölümün? İnanmıram ki, bunu danışa bilsinlər kiməsə, yəqin ölüm barmağını silkələyib, hədələyib onları. Onlar da anlayıblar ki, bu haqda bir kəlmə də danışmaq olmaz...

 

Bütün bu etirazların, səs-küyün, qorxunun içində bir xahiş, rica, nə bilim bəlkə bir yalvarış var:

 “Noolar ölməsin!..”

 

Anlayırsan ki, əldən təkcə insanı getmir insanların. Bəlkə də insandan da vacib nəyisə var adamların düşünürsən onda da. Və “əlbəttə var!” qərarında o qədər əminsən ki...

 

Əziz insanından qabaq ümidi əlindən gedir insanların...

Və deyəsən insan ümidinin getməsinə daha dəhşətli ağlayır, nəinki insanının.

Bəlkə də insan təkcə ümidi öləndə ağlayır. Biz adını əzizini itirib, mal-mülkü əldən gedib, işdən çıxarıblar və sair qoyuruq.

 

Amma hələlik  “mütləq dönəcək!.. “Qayıdacaq!”... “O ölə bilməz axı!” boyda ümidlər can verir. Bənizi ağarıb, əl - ayağı soyuyub və  hərdən nəsə sayaqlayır. Ölsə, Allah üzünü qara eləsin o ümidin! Lap elə neft qarası çəksin üzünə!..

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR