Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AXCP-nin sədr müavini həbs edildi

AXCP-nin sədr müavini həbs edildi

Date: 9 December 2015 14:46

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının həbs olumasının səbəbləri bilinib. O, Nardaran hadisələrinə görə, əhalini hakimiyyətə qarşı çıxmağa təşviqdə ittiham edilir.

Baş Prokurorluuğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 2015-ci il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsi, ictimai qaydanın pozulması, terror aktları və ölümlə nəticələnən digər cinayətlər törədilməsi faktları ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Abşeron rayon sakini, hüquqi qeydiyyatdan keçməyən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün dekabrın 8-də telefon vasitəsi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilib.

Lakin rəsmi çağırış vərəqi tələb etdiyindən, idarənin əməkdaşları tərəfindən həmin tarixdə ona yaşadığı ünvanda rəsmi qaydada çağırış vərəqi təqdim olunmaqla idarəyə dəvət edilib və şahid qismində dindirilib.


Fuad Qəhrəmanlı- AXCP-nin sədr müavini

Aparılmış istintaqla F.Qəhrəmanlının “facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.

F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib.

F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə F.Qəhrəmanlının istintaqa dəvət edilməsi və həyata keçirilən digər prosessual hərəkətlər zamanı guya hüquqlarının pozulması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. F.Qəhrəmanlı ilə bağlı həyata keçirilən bütün istintaq hərəkətləri özü tərəfindən dəvət edilmiş vəkilin iştirakı ilə aparılıb və bu zaman hər hansı qanun pozuntusu hallarına yol verilməyib.

Dünən axşam saatlarında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılması ilə bağlı məlumat yayılıb.

Onun saxlanılması barədə Qəhrəmanlının həyat yoldaşı, yazıçı Zümrüd Yağmur da sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə idarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət - çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Tags:  AXCP-nin sədr müavini həbs edildi

RƏYLƏR


Top news