Azərbaycan ilk dəfə Efiopiyada xeyriyyə diplomatik bazarında

15:08 9 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi Əddis-Əbəbə şəhərində hər il ənənəvi olaraq keçirilən xeyriyyə diplomatik bazarında ilk dəfə olaraq iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, həcminə və ziyarətçi sayına görə dünyada təşkil olunan ən böyük diplomatik bazarlardan biri hesab olunan Əddis-Əbəbə diplomatik bazarı artıq 20 ildir xeyriyyə məqsədilə təşkil olunur. On mindən artıq ziyarətçisi olan bu tədbirə hər il 100-ə yaxın diplomatik nümayəndəlik və Afrikada fəaliyyət göstərən müxtəlif şirkətlər qatılırlar.

Böyük sayda ziyarətçinin diqqətini cəlb edən Azərbaycan guşəsinin tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən fotoşəkillərdən istifadə olunub. Azərbaycan guşəsində ölkəmizə məxsus milli suvenirlər, xalçalar, ölkəmizin mədəniyyəti və tolerantlığı haqqında müxtəlif materiallar ziyarətçilərə təqdim edilib.

Diplomatik bazarda Azərbaycan mətbəxinin ləziz təamları olan dolma, qutab, lüləkabab, paxlava və Azərbaycan şirkətlərinin istehsalı olan müxtəlif meyvə şirələri, şərablar, bitki yağları, qənnadı məhsulları, müxtəlif çeşidli mürəbbələr və çay növləri diplomatik bazar ziyarətçilərinin xüsusi marağına səbəb olub.

Azərbaycan guşəsi ziyarətçilərlə yanaşı, media nümayəndələrinin də diqqətini cəlb edib, Efiopiyanın “EBC” “CCTV”, “ENA”, “Əddis-Zəmən”, “Ethiopian Herald” və “Reporter” kimi aparıcı mətbuat orqanları Azərbaycan guşəsində çəkilişlər aparıb və səfir Elman Abdullayevdən güşəmiz və xüsusilə məhsullarımızla bağlı müsahibə götürüblər.

Diplomatik bazarda səfirliyin əməkdaşları və onların ailə üzvləri Azərbaycan guşəsinin təqdimatında yaxından iştirak ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR