Azərbaycan səfirliyi Əddis-Əbəbədəki xeyriyyə diplomatik bazarında fəal iştirak edib

Azərbaycan səfirliyi Əddis-Əbəbədəki xeyriyyə diplomatik bazarında fəal iştirak edib
16:48 9 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Əddis-Əbəbə, 9 dekabr, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfirliyi Əddis-Əbəbə şəhərində hər il ənənəvi olaraq keçirilən xeyriyyə diplomatik bazarında ilk dəfə olaraq iştirak edib.
Həcminə və ziyarətçi sayına görə dünyada təşkil olunan ən böyük diplomatik bazarlardan biri hesab edilən Əddis-Əbəbə diplomatik bazarı artıq 20 ildir keçirilir. On mindən artıq ziyarətçisi olan bu tədbirə hər il 100-ə yaxın diplomatik nümayəndəlik və Afrikada fəaliyyət göstərən müxtəlif şirkətlər qatılırlar.
Böyük sayda ziyarətçinin diqqətini cəlb edən Azərbaycan guşəsinin tərtibatında ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən fotoşəkillərdən istifadə olunub. Guşədə ölkəmizə məxsus milli suvenirlər, xalçalar, Azərbaycanın mədəniyyəti və tolerantlığı haqqında müxtəlif materiallar ziyarətçilərə təqdim edilib.
Diplomatik bazarda Azərbaycan mətbəxinin ləziz təamları olan dolma, qutab, lülə kabab, paxlava və Azərbaycan şirkətlərinin istehsalı olan müxtəlif meyvə şirələri, şərablar, bitki yağları, qənnadı məhsulları, müxtəlif çeşidli mürəbbələr və çay növləri diplomatik bazar ziyarətçilərinin xüsusi marağına səbəb olub.
Azərbaycan guşəsi ziyarətçilərlə yanaşı, media nümayəndələrinin də diqqətini cəlb edib. Efiopiyanın “EBC” “CCTV”, “ENA”, “Əddis-Zəmən”, “Ethiopian Herald” və “Reporter” kimi aparıcı mətbuat orqanları Azərbaycan guşəsində çəkilişlər aparıblar, səfir Elman Abdullayev onlara guşəmiz və xüsusilə məhsullarımızla bağlı müsahibə verib.
Azərbaycan guşəsinin təqdimatında səfirliyin əməkdaşları fəal iştirak ediblər.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefirliyi_Addis_Abebedeki_xeyriyye_diplomatik_bazarinda_feal_istirak_edib-909686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR