Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik "Günəşli"dəki yanğının ətraf mühitə təsirini araşdıracaq

Nazirlik "Günəşli"dəki yanğının ətraf mühitə təsirini araşdıracaq

Date: 9 December 2015 17:19

 

Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədi ilə ekologiya və təbii sərvətlər nazirinin göstərişi əsasında nazirliyin mütəxəssislərindən ibarət Ekspedisiya Qrupu yaradılıb.

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, qrupun tərkibinə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Milli Hidrometeorologiya və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri daxil edilib.

Qeyd edək ki, “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə istismara verilən 30 quyudan 28-i qəza baş verənə qədər işlək vəziyyətdə olub, 1 neft və 1 qaz quyusu işləməyib. İstismar edilən 28 quyudan 21-i qaz-lift üsulu ilə işləyən neft, 7-si isə qaz quyusudur. Neft quyuları qaz-lift üsulu ilə işlədiyindən qəza zamanı quyulara qazın vurulması dayandırılıb. Bu səbəbdən neftin su mühitinə düşmək ehtimalı yoxdur. Hazırda yanğının davam etdiyi digər 7 quyudan 4-ü qaz, 3-ü isə qaz-kondensat quyularıdır ki, 4 qaz quyusundan çıxan təbii qaz tam yandığı üçün atmosfer havasına zərərli təsiri nisbətən azdır. Yəni bu, ölkədəki istilik elektrik stansiyalarında yandırılan qazın atmosferə atdığı karbon birləşmələrindən ibarətdir. Yalnız 3 qaz-kondensat quyusundan müəyyən qədər kondensat sızması ehtimalı dəyərləndirilir. Lakin bu quyulardan çıxan karbohidrogenlərin yanması dənizə neft sızması ehtimalını sıfıra endirir və yuxarıda qeyd edildiyi kimi karbohidrogenlər yandıqda daha az zərərli maddələrə çevrilir. 


Nazirlik bildirir ki, Ekspedisiya Qrupu ilkin müşahidələr aparır, sudan və atmosfer havasından nümunələr götürülməkdə davam edir. Vizual müşahidələr göstərir ki, dənizdə çirklənmə, platformanın ətrafında neft ləkələri yoxdur. Bununla belə, təhlillər üçün sudan və atmosferdən nümunələrin mütəmadi olaraq götürülməsi üçün tədbirlər görülür və nazirliyin laboratoriyalarında araşdırılması, ekspedisiya tərəfindən hadisə yerində digər tədbirlərin həyata keçirilməsi, Xəzərin canlı mühitinə təsirin müəyyən olunması təmin edilir.

 

Təhlillərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 

 


Tags:  Nazirlik Günəşlidəki yanğının ətraf mühitə təsirini araşdıracaq

RƏYLƏR


Top news