İşlədiyiniz yerlərdə əmək müqaviləsi bağlayın

İşlədiyiniz yerlərdə əmək müqaviləsi bağlayın
17:21 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Müşahidə Şurasının üzvləri ilə əmək müqaviləsi bağlanmalıdır.

ANS PRESS-in məlumatına görə, şirkətlər inkişaf edərək yeni mərhələlərə çıxdıqca, korporativ idarəetmə standartlarına tələblər də artır. Artıq bir çox şirkətlər nəzarət orqanlarını sadəcə kağız üzərində bir nominal qurum kimi deyil, məhz biznesin tələblərinə cavab verə bilən tam funksional bir orqan kimi görmək istəyirlər. Son zamanlar şirkətlərdə səhmdarlar (iştrakçılar) tərəfindən yaradılan nəzarət orqanlarının fəaliyyətləri güclənir. Bu tendensiya inkişaf etdikcə, yəni nominal roldan daha aktiv fəaliyyətə keçdikcə, bu orqanların fəaliyyətlərinin düzgün tənzimlənməsi ilə bağlı suallar yaranır. Maraq doğuran suallardan biri, nəzarət orqanı olan Müşahidə (direktorlar) şurasının üzvləri ilə münasibətlərin tənzimlənməsidır. Müşahidə (direktorlar) şurasının şirkətin fəaliyyəti üzrə ümumi nəzarəti həyata keçirir və üzvləri şirkətin ümumi yığıncağı tərəfindən seçilir.

Qanunvericilikdə müşahidə (direktorlar) şurası üzvlərinin və şirkət arasında münasibətlərin rəsmiləşdirilməsi barədə konkret tələb qoyulmayıbdır (ümumi yığıncağın müvafiq qərarından başqa). Nəticədə bu münasibətlərin təbiəti barədə müzakirələr davam edir, hüquqşünasların bir qismi bu münasibətləri mülki-hüquqi sahəyə aid edirlər, digərləri isə əmək qanunvericiliyi ilə tənzimləndiyini vurğulayırlar.


Emin Kərimov - Kapital Bank ASC-nin Hüquq departamentinin direktoru


Əmək müqaviləsi – işəgötürən və işçi arasında razılaşmadır. Bu razılaşmaya əsasən işəgötürən işçiyə Əmək məcəlləsi və digər müvafiq normalara əsasən müəyyən funksiyalar və şəraitlə şərtlənmiş iş təqdim edir, və işçi bu razılaşma ilə müəyyən edilən funksiyaları şəxsən icra etmək və qüvvədə olan daxili intizam qaydalarına riayət etmək öhdəliyini qəbul edir.
Beləliklə, əmək müqaviləsinin əsas əlamətləri kimi, tərəflərin üzərinə düşən müəyyən edilmiş öhdəlikləri, əmək funksiyalarının icrasını, işçiyə sabit əmək haqqının ödənilməsini, daxili intizam qaydalarına riayət olunmasını, müqavilədə iş yeri və iş rejimi qöstərilməsini qeyd etmək olar.

Müşahidə (direktorlar) şurasının üzvlərinin seçilməsi və azad edilməsi haqda normaları nəzərdən keçirdikdə aydın olur ki, onlar Əmək məcəlləsi ilə işçinin işə qəbul və işdən azad edilmə prosedurlarından fərqlənir.

Müşahidə (direktorlar) şurasının üzvlərinə Əmək məcəlləsi ilə nəzərdə tutulan işdən çıxarılma proseduru tətbiq edilə bilməz, çünki bu münasibətlər tam fərqli normalar ilə tənzimlənir. Beləliklə, zənnimcə bu münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənməsi mümkün deyil və əmək münasibətləri hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, şirkətin icra orqanı Ümumi yığıncağın və müşahidə (direktorlar) şurasının qərarlarının icrasını təmin edir və müşahidə (direktorlar) şurası icraetmə orqanının qərarlarına tabe olmur, lakin əmək münasibətlərində əsasən işçi işəgötürənin tabeliyində olur.
Müşahidə (direktorlar) şurasının səlahiyyətləri, şirkətin gündəlik fəaliyyətini idarə edən icra orqanının səlahiyyətlərini əvəz etməməlidir. Şuranın səlahiyyətlərinə aid edilən sualların çoxluğuna baxmayaraq, bu orqana həddindən artıq tez-tez iclas keçirməyə ehtiyac olmur, təcrübədə bir çox şirkətlərin müşahidə (direktorlar) şurası ayda 3-5 dəfədən çox (fövqəladə yığıncaqlar istisna olmaqla) yığıncaqlar keçirmirlər. Qanunvericilikdə müşahidə (direktorlar) şurasının səlahiyyətləri ayrı-ayrı üzvlərin səlahiyyəti kimi deyil, kollegial orqan səlahiyyətləri kimi göstərilib. Beləliklə, hər bir üzvün səlahiyyəti müvafiq sənədlərin araşdırılması və iclas zamanı səsverməsi ilə məhdudlaşır. Bəzi şirkətlərdə kollegial icra orqanın sədri (və ya tək icra orqanı) həmin şirkətin müşahidə (direktorlar) şurasının üzvü də olur, bu halda həmin şəxs iki, lakin biri-birindən fərqli funksiyaları daşımış olur.


Kapital bank


Mülki Məcəlləyə əsasən müşahidə (direktorlar) şurası şirkətin idarəetmə orqanlarına aiddir və ümumi yığıncağın səlahiyyətinə aid olan məsələlər istisna olmaqla, şirkətin fəaliyyəti üzərində ümumi rəhbərliyi həyata keçirir. Beləliklə, müşahidə (direktorlar) şurasının fəaliyyəti, şura və şirkət arasında olan münasibətlər mülki qanunvericiliyin normaları ilə tənzimlənir və bu münasibətlər mülki-hüquqi xarakterli münasibətlər hesab edilir.

MM-in 91.3.2., 91.3.4., 106-1.3.1., 107.1.2., maddələrinə əsasən şirkətin idarəetmə və nəzarət orqanlarının səlahiyyətlərin əldə etməsi üçün əsas onların ümumi yığıncaq tərəfindən seçilməsidir. Müşahidə (direktorlar) şurasının üzvlərinin vəzifədən uzaqlaşdırılması, öz hüquqi təbiəti, hüquq münasibətlərinin tənzimlənmə predmeti və hüquqi nəticələri ilə, Əmək Məcəlləsinə əsasən işçinin işdən uzaqlaşdırılmasından fərqlənir. İdarəetmə orqanların fəaliyyəti ilə bağlı qərarlara əmək hüququ çərçivəsində deyil, şirkət və idarəetmə səlahiyyətləri etibar edilmiş şəxslər arasında yaranan korporativ münasibətlər çərçivəsində baxmaq lazımdır.

Qanunvericilikdə şuranın üzvlərinə ödəniş məsələsi əks olunmasa da, təcrübədə ümumi yığıncaq müşahidə (direktorlar) şurasının üzvlərinin mükafatlandırılması haqda qərarlar qəbul edir. Əsasən mükafatlandırma məsələsi ilə əmələ qələn sualların həlli üçün iştirakçılar bir çox halda münasibətləri əmək qanunvericiliyi ilə tənzimləməyə çalışırlar. Lakin bu yanlış yanaşmadır.

Bəs şirkət müşahidə (direktorlar) şurasının üzvünə yazılı müqavilə olmadan, mükafat ödəyə bilərmi?
Sözsüz, yazılı müqavilə olduqda ödənilən mükafatı əsaslandırmaq daha asandır. Lakin yazılı müqavilə olmadıqda, qeyd olunan xərcləri, ümumi yığıncağın müvafiq qərarı ilə əsaslandırmaq mümkündür.

Beləliklə, şirkət müşahidə (direktorlar) şurasının üzvünə mükafatı heç bir müqavilə bağlamadan ödəyə bilər və ya müvafiq yazılı müqavilə bağlayır. Lakin belə müqavilənin nə qədər zəruri olması sualı yaranır. Belə ki, müşahidə (direktorlar) şurasının bütün səlahiyyətləri qanunvericilikdə və şirkətin müvafiq əsasnaməsində (ümumi yığıncağın qərarında) əks edilir. Həmin əsasnamələrdə göstərilmiş şərtlərin müqavilədə böyük ehtimalla təkrarlanacağını nəzərə alsaq, o halda qanunla və müvafiq sənədlərlə müəyyən edilən səlahiyyətlərin icrası üçün şirkət və müşahidə (direktorlar) şurasının üzvləri arasında müqavilənin bağlanmasına zəruriyyət olmadığını hesab edirik.

Şirkətin idarəetmə orqan üzvlərini seçmək və təyin etmək yolu ilə korporativ hüquqların icrası, həmçinin onların vəzifədən kənarlaşdırmaq və səlahiyyətlərinə xitam vermək məsələsinə aiddir. Beləliklə, bu qərarlar əmək hüququ çərçivəsində deyil, korporativ hüquq çərçivəsində baxılmalıdır.

Mülki Məcəllənin 107.1.2 və 107.1.3. maddələrində qeyd edilən “səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək” ifadəsi ümumi yığıncaq tərəfindən şirkətlə korporativ münasibətlərdə olan idarəetmə orqanlarının fəaliyyətinə çevik reaksiya vermək üçün nəzərdə tutulub. Belə normanın zəruriyyəti, idarəetmə və nəzarət orqan üzvünün spesifik statusu ilə bağlıdır.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR