"əl-Cəzirə": Azərbaycan... Ahəngdar rəngarəngliyin xalısı

"əl-Cəzirə": Azərbaycan... Ahəngdar rəngarəngliyin xalısı
17:48 9 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Məşhur "əl-Cəzirə" jurnalının noyabr nömrəsində "Azərbaycan... Ahəngdar rəngarəngliyin xalısı" adlı məqalə dərc edilib.
"əl-Cəzirə" Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və "əl-Cəzirə" televiziyasının İran məsələləri üzrə müşaviri doktor Fatimə əs-Samədinin müəllifi olduğu məqalə oxucuları Azərbaycan tarixi ilə, onun zəngin mərhələləri ilə yığcam şəkildə tanış edir. Müəllif yazır: "Azərbaycanın şahidi olduğu müxtəlif tarixi mərhələlər qədim bəşər irsinə sahib olan bu ölkədə formalaşmış mədəni komponentlərdə böyük iz qoyub. Orada, Qobustanda tarixi qədim daş dövrünə gedib çıxan ən qədim insan məskənlərindən birinin izləri var. Bu izlər Quruçay mədəniyyəti və bəşər mədəniyyətinin inkişafı ilə bağlıdır, Azərbaycandakı bir neçə mağarada üst paleolit və son tunc dövrlərinə aid mədəniyyətləri göstərir".
Bakı hava limanına çatanadək tədqiqatçı həmkarlarının Azərbaycanda ehtiyatlı davranmaq barədə tövsiyələrinin onu tərk etmədiyini bildirən müəllif ölkəmizin paytaxtında bunun əksinin şahidi olduğunu vurğulayır. O, ölkəmizdəki dinlərarası tolerantlığı "Azərbaycan nümunəsi" adlandıraraq cəmiyyətin əksəriyyətini təşkil edən müsəlmanlarla yanaşı, burada müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığını bildirir. Eyni zamanda, ölkəmizin geosiyasi mövqeyinin üstünlüklərindən və qarşılaşdığı çətinliklərindən bəhs edir.
"Azərbaycan geosiyasi mövqeyinin ona verdiyi üstünlükləri dərk edir və bundan irəli gələn imkanları genişləndirməyə çalışır. O, Şərqlə Qərb arasında əsas ticarət və enerji yollarının qovuşuğunda yerləşən ölkədir. Dünyəvi sisteminə baxmayaraq, özünün islam dünyası və irsi ilə bağlılığını qırmayıb və buna səy göstərmir. O, Avropa ilə Asiya arasında təbii körpüdür. Habelə xristian dünyası ilə islam dünyası arasında körpü, yerləşdiyi bütün region üçün olduqca mühüm dəhliz və enerji qapısıdır", - deyə Fatimə əs-Samədi yazır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotel_Cezire_quot_Azerbaycan_Ahengdar_rengarengliyin_xalisi-909730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR