Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağındakı qəzanın ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə ekspedisiya qrupu yaradılıb

“Günəşli” yatağındakı qəzanın ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə ekspedisiya qrupu yaradılıb

Date: 9 December 2015 17:53


Bakı, 9 dekabr, AZƏRTAC 
Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğının ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekspedisiya qrupu yaradılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qrupun tərkibinə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, milli hidrometeorologiya və ətraf mühit üzrə milli monitorinq departamentlərinin mütəxəssisləri daxil edilib.
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə istismara verilən 30 quyudan 28-i qəza baş verənə qədər işlək vəziyyətdə olub, 1 neft və 1 qaz quyusu işləməyib. İstismar edilən 28 quyudan 21-i qaz-lift üsulu ilə işləyən neft, 7-si isə qaz quyusudur. Neft quyuları qaz-lift üsulu ilə işlədiyindən qəza zamanı quyulara qazın vurulması dayandırılıb. Bu səbəbdən neftin su mühitinə düşmək ehtimalı yoxdur. Hazırda yanğının davam etdiyi digər 7 quyudan 4-ü qaz, 3-ü isə qaz-kondensat quyularıdır ki, 4 qaz quyusundan çıxan təbii qaz tam yandığı üçün atmosfer havasına zərərli təsiri nisbətən azdır. Yəni bu, ölkədəki istilik elektrik stansiyalarında yandırılan qazın atmosferə atdığı karbon birləşmələrindən ibarətdir. Yalnız 3 qaz-kondensat quyusundan müəyyən qədər kondensat sızması ehtimalı var. Lakin bu quyulardan çıxan karbohidrogenlərin yanması dənizə neft sızması ehtimalını sıfıra endirir və yuxarıda qeyd edildiyi kimi karbohidrogenlər yandıqda daha az zərərli maddələrə çevrilir.
Ekspedisiya qrupu ilkin müşahidələr aparır, sudan və atmosfer havasından nümunələr götürülür. Vizual müşahidələr göstərir ki, dənizdə çirklənmə, platformanın ətrafında neft ləkələri yoxdur. Bununla belə, mütəmadi olaraq sudan və atmosferdən nümunələr götürülərək nazirliyin laboratoriyalarında araşdırılması, ekspedisiya tərəfindən hadisə yerində digər tədbirlərin həyata keçirilməsi, Xəzərin canlı mühitinə təsirin müəyyən olunması təmin edilir.
Təhlillərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 

Tags:  Günəşli yatağındakı qəzanın ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə ekspedisiya qrupu yaradılıb


RƏYLƏR


Top news