Türkiyə baş nazirinin müavini: "Azərbaycandan əlavə neft və qaz almaq üçün danışıqlar aparılır"

Türkiyə baş nazirinin müavini: "Azərbaycandan əlavə neft və qaz almaq üçün danışıqlar aparılır"
18:14 9 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

"Baş nazirin Azərbaycandan daha çox neft və təbii qaz alınması ilə bağlı danışıqları davam edir”.

 

APA-nın məlumatına görə, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib.

 

N. Kurtulmuş bildirib ki, 2008-2009-cu illərdə Avropada böhran olarkən Türkiyə o zaman da alternativ bazarlar axtarıb: “Türkiyə bir qapı bağlandıqda başqa bir qapını açmaq gücünə sahibdir. Yerləşdiyimiz coğrafiya bizə bu imkanı verir. Təbii qaz məsələsində prezidentimiz tez bir zamanda Qatarla maye qaz barədə danışıqlar aparıb. Azərbaycanla da daha çox neft və qazın alınması barədə danışıqlar davam edir".

 

Türkiyənin İŞİD-dən neft aldığı barədə Rusiyanın ittihamlarını absurd adlandıran baş nazirin müavini qeyd edib ki, Türkiyə heç vaxt terror təşkilatından neft ala bilməz: “Bu, Türkiyəyə qarşı iftiradır. Bunu qəbul etmək mümkün deyil. Türkiyə Şimali İraqdan neft alır. Lakin nə İŞİD, nə də hər hansı terror təşkilatı ilə neftlə bağlı qanunsuz ticarət qurub”.

 

Rusiya ilə münasibətlərə toxunan N. Kurtulmuş bu münasibətləri düzəltmək üçün diplomatik və hərbi kanalları açıq saxladıqlarını, hər cür müzakirələrə açıq olduqlarını söyləyib. O, Qərb tərəfindən Rusiyaya sanksiyalar təbiq olunarkən Türkiyənin bu snaksiyalara qoşulmadığını da xatırladıb: "Bu gün Rusiyanın yaranmış gərginliyi bəhanə edərək bizə embarqo tətbiq etməsi ikili standartdır. Biz Rusiyanın tətbiq etdiyi və tətbiq etməyə hazırlaşdığı sanksiyaları bircə-bircə nəzərdən keçirdik. Müvafiq nazirlərimiz bununla bağlı çalışdılar. İqtisadi mənada ən yaxşı-ən pis ssenarilər gündəmə gətirildi. Açıq deyirəm ki, Türkiyə bütün ssenarilərə hazırdır. Türkiyənin də təbii ki, Rusiyanın addımlarına qarşı görəcəyi tədbirlər var, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq və problem həll olunacaq".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR