Koreya Azərbaycanla qeyri-neft sektoru üzrə əməkdaşlığı artırmaqda maraqlıdır

18:23 9 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan və Koreya Respublikası arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Koreya xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Honq-kyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, X.Xələfov Azərbaycanın Koreya ilə siyasi dialoqun davam etdirilməsində maraqlı olduğunu bildirdi və bu səpkidə olan səfərlərin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirə edilməsi və qarşılıqlı maraq doğuran əməkdaşlıq sahələri üzrə təkliflərin nəzərdən keçirilməsi baxımından faydalı olduğunu qeyd etdi.

Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan X.Xələfov ikitərəfli əlaqələrin daha da dərinləşməsində qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin mühüm rol oynadığını dedi və bu kimi səfərlər mübadiləsinin yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verəcəyini diqqətə çatdırdı.

Koreya xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini K.Honq-kyun ilk olaraq, 4 dekabr tarixində “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş şiddətli yanğın və qəza nəticəsində insanların həlak olması ilə bağlı Koreya Respublikasının Prezidenti xanım Pak Kın Hey tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış başsağlığı məktubunu təqdim etdi.

K.Honq-kyun ölkələrimiz arasında 2009-cu ildə əsası qoyulmuş sayca ikinci siyasi məsləhətləşmələrdə ikitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyətini vurğuladı.

O, Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində Azərbaycanda bərqərar olmuş sabitliyin iqtisadi inkişafa münbit zəmin yaratdığını bildirdi. Ölkələrimiz arasında ticarət dövriyyəsinin son on ildə on dəfə artdığını diqqətə çatdıran nazir müavini Koreyanın Azərbaycanda qeyri-neft sektorunun inkişafı və infrastrukturun modernləşdirilməsində əməkdaşlığın artırılmasına maraqlı olduğunu qeyd etdi.

İkitərəfli münasibətlərin daha da inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən koreyalı nazir müavini baxılmaqda olan müqavilə layihələrinin imzalanmasının bu prosesə töhfə verəcəyini qeyd etdi.

Nazir müavini X.Xələfov “Günəşli” yatağında baş vermiş qəza ilə bağlı Koreya Respublikası Prezidenti tərəfindən ünvanlanmış başsağlığı məktubuna görə təşəkkürünü bildirərək, şiddətli yanğın və qəza ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət Komissiyası yaradıldığını diqqətə çatdırdı.

X.Xələfov siyasi məsləhətləşmələrin davam etdirilməsinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğuladı. Ikitərəfli iqtisadi əlaqələrə toxunan nazir müavini Koreya şirkətlərinin Azərbaycana sərmayə qoyuluşunun artırılmasında, eləcə də müxtəlif layihələrə yaxından cəlb olunmasında maraqlı olduğumuzu bildirdi.

Nəqliyyat-kommunikasiya, informasiya texnologiyaları, dəniz daşımaları kimi məsələlərin hazırda gündəmin prioritet məsələlərindən biri olduğunu qeyd edən X.Xələfov bu xüsusda həmkarına Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha səmərəli edəcək Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə istifadəyə verilməsi barəsində məlumat verdi və bu layihəyə beynəlxalq ictimaiyyətin, eləcə də Çin, Mərkəzi Asiya dövlətləri və İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini əlavə etdi. O, həmçinin multimodal daşımalar həyata keçirən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında danışdı.

X.Xələfov həmkarına Cənubi Qafqaz regionunda sülh və sabitliyə başlıca təhdid yaradan və ümumilikdə regionun iqtisadi və sosial inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsi barəsində məlumat verdi. Azərbaycan ərazisinin 1/5 hissəsinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirən X.Xələfov münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir real nəticə verməməsinin təəssüf doğurduğunu vurğuladı. O, münaqişənin Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması əsasında həllinin alternativi olmadığını diqqətə çatdırdı.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR