“Günəş hamı üçündür” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib

“Günəş hamı üçündür” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib
18:43 9 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin nəzdində 3 nömrəli xüsusi təhsil məktəbində “Günəş hamı üçündür” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə məktəbdə təhsil alan və qeydiyyatda (evdə təhsil) olan uşaqların valideynləri, məktəbin müəllim kollektivi, məktəbin psixoloqu iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması, onların problemlərinin həllinə cəmiyyətin cəlb olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların və onların ailələrinin müəyyənləşdirilərək cəmiyyətə hərtərəfli qoşulması və inkişafını təmin etməkdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nüşabə Heydərova tədbir iştirakçılarını salamlayaraq belə maarifləndirici və hal-hazırki dövrdə cəmiyyət üzvləri arasında böyük əhəmiyyəti olan tədbirlərin keçirilməsinin önəmini qeyd edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova komitənin fəaliyyət istiqamətlərindən, ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən layihələrdən söhbət açaraq hal-hazırda respublikamızda hər 3 istiqamətin prioritet olduğunu vurğulayıb. Komitə tərəfindən həyata keçirilən bu layihənin xüsusən sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə psixoloji və hüquqi yardım göstərmək məqsədi daşıdığını qeyd edən G.Məmmədova valideynləri onları narahat edən problemlər istiqamətində mütəmadi olaraq bir-biriləri ilə fikir mübadiləsi aparmağa və bütün məsələlərin həllində ortaq çıxış yolu tapmağa dəvət edib.
Daha sonra tədbir iştirakçılarına “Azərbaycan ailəsi” film festivalının iştirakçılarından olan “Qağayı” filmi nümayiş olunub. Filmin nümayişindən sonra komitənin Ailə Problemləri şöbəsinin əməkdaşı Səmra Əliyeva ümumi və psixoloji istiqamətdə “Günəş hamı üçündür” adlı təqdimatla çıxış edərək, ailənin xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatındakı rolundan, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən, belə hallarda valideynlərin psixoloji durumuna təsir göstərən mənfi amillərin aradan qaldırılması yollarından söz açıb.
Daha sonra komitənin Hüquqi-təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Seymur Məmmədov çıxışı zamanı əlilliyi olan şəxslərin və onların yaxınlarının yararlana biləcəyi imtiyazlar, qanunvericilikdə nəzərdə tutulmuş ayrıcalıqlar barədə tədbir iştirakçılarına geniş məlumat verib, eyni zamanda onları maraqlandıran sualları hüquqi istiqamətdə cavablandırıb.
Çıxışlardan sonra fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Yekunda komitə tərəfindən hazırlanmış maarifləndirmə vəsaitləri məktəbin kitabxanasına təqdim olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunes_hami_uchundur_adli_layihe_cherchivesinde_novbeti_tedbir_kechirilib-909764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR