Masallı-Yardımlı avtomobil yolunda sürüşmə aktivləşib. Nəticədə yolun bir hissəsi çöküb.
Milli.Az CTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə yolun 17-18-ci km-də baş verib və yolun 1,5 metr hissəsini əhatə edib. Hazırda 22 saylı Masallı, 23 saylı Yardımlı Yol İstismarı İdarələri ərazidə işləyir. Yolun nəqliyyat üçün bağlanmaması məqsədilə çökən ərazilərə daş-çınqıl tökülür.
Sürüşən əraziyə paralel olaraq, 400 metr məsafədə alternativ yolun çəkilməsi planlaşdırılır. Bununla bağlı "Azəryolsevis" ASC ilə Yardımlı Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılır.
Qeyd edək ki, Masallı-Yardımlı yolu 56 km-dir. Son bir ay ərzində yolun müxtəlif hissələrində çökmə qeydə alınıb.
Milli.Az