Azərbaycanda daxili işlər orqanlarına xidmətə qəbulla bağlı yeni qaydalar təsdiqlənib

Azərbaycanda daxili işlər orqanlarına xidmətə qəbulla bağlı yeni qaydalar təsdiqlənib
19:12 9 Dekabr 2015
146 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası "Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"nı təsdiq edib.

APA-nın məlumatına görə, qaydalar dekabrın 5-dən qüvvəyə minib. 
Bununla əlaqədar "Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında Təlimat" daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair qərarın qəbul edilməsi məsələlərini tənzimləyən hissədə ləğv edilib. Yeni qaydalar daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün müsabiqənin elan edilməsi, namizədlərlə müsabiqənin keçirilməsi və yekunlarına dair qərarın qəbul edilməsi məsələlərini tənzimləyir.
 
Daxili işlər orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və DİN-in internet saytında elan verilir. Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumları haqqında məlumatlar nazirlik tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır. Prokurorluqda, digər hüquq-mühafizə və xüsusi xidmət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edənlər (işləyənlər), digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutanlar, hüquq sahəsində elmi dərəcəsi olanlar, maliyyə, iqtisadi, texniki, kriminalistika, tibbi, pedaqoji, kargüzarlıq sahələri üzrə vəzifələrdə xidmətə qəbul edilənlər yalnız müsahibə əsasında, test imtahanı keçmədən xidmətə qəbul olunacaqlar. Bu kateqoriyalar istisna olmaqla, namizədlər sıravi, kiçik, orta və böyük (polis polkovniki istisna olmaqla) rəis heyəti vəzifələrində xidmətə müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Müsabiqəyə ali hüquq təhsilli və digər ixtisasları olan ali, orta-ixtisas, habelə tam orta təhsilli şəxslər buraxılırlar. Nazirliyin Polis Akademiyasının məzunları, xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş nazirliyin əməkdaşları, eləcə də daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla, digər ali təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyətindən olan əməkdaşlar orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üçün elan olunmuş müsabiqədə ümumi əsaslarla iştirak edirlər. Müsabiqədən keçmiş böyük və orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunan şəxslər - Nazirliyin Polis Akademiyasında, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul olunan şəxslər - Nazirliyin A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində xüsusi kurslara cəlb edilirlər.
 
Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi məqsədi ilə nazirlikdə daxili işlər nazirinin sədrlik etdiyi 9 nəfərdən ibarət Mərkəzi Müsabiqə Komissiyası yaradılır. Komissiyanın tərkibi sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla, daxili işlər naziri tərəfindən təsdiq edilir. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Kadr xidməti olmayan nazirliyin aparatının qurumlarında və bilavasitə tabeliyindəki strukturlarında sıravi və kiçik rəis heyəti üzrə vakant olan vəzifələrə xidmətə qəbul üçün müsabiqə Komissiya tərəfindən təşkil olunur. Nazirliyin tədris müəssisələrində, nizami polis hissələrində və ərazi orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul üçün müsabiqə həmin orqanlar tərəfindən elan olunur və keçirilir. Bu məqsədlə müsabiqə elan olunmuş orqanda bu orqanın rəisinin sədrliyi ilə azı 5 nəfərdən ibarət 3 il müddətinə Yerli Müsabiqə Komissiyası yaradılır.
 
Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən şəxslər elanda göstərilmiş müddətlərdə nazirliyə müraciət edərək şəxsi ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının notarial qaydada və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla), hərbi bilet (qadınlar istisna olmaqla), ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla), 9x12 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil, tərcümeyi-hal, yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar təqdim edirlər. Müsabiqədə iştirak etmək üçün müraciət və sənədlər elektron qaydada da qəbul olunur. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanında imtahan 100 sualdan ibarətdir və 3 saat müddətində fasilə verilmədən keçirilir. İmtahana 2 gün qalmış Komissiya tərəfindən konfidensiallıq təmin edilməklə suallar toplusundan ali hüquq təhsilli namizədlər üçün ali hüquq təhsili proqramına, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq normalara aid sahələr üzrə 80 sual, namizədlərin şəxsi keyfiyyətlərinin, o cümlədən intellektual səviyyəsinin və dünyagörüşünün qiymətləndirilməsinə imkan verən sahələr üzrə 20 sual, ali pedaqoji təhsilli namizədlər üçün insan hüquq və azadlıqlarına dair və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə aid sahələr üzrə 30 sual, ali pedaqoji təhsil proqramına aid sahələr üzrə 50 sual, namizədlərin şəxsi keyfiyyətlərinin, o cümlədən ümumi intellektual səviyyəsinin və dünyagörüşünün qiymətləndirilməsinə imkan verən sahələr üzrə 20 sual seçilir. Test imtahanında hər düz cavab 1 balla qiymətləndirilir. Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması "0" bala bərabərdir. Test imtahanında 65 və daha çox bal toplamış namizədlər müsabiqədə iştiraklarını davam etdirirlər. Keçid balını toplaya bilməyən şəxslərin müsabiqədə iştirakı dayandırılır. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbula namizədlər ilə test imtahanlarının keçirilməsi üçün isə Yerli Komissiya tərəfindən mütəxəssislər də cəlb edilməklə, müxtəlif mövzuları, o cümlədən hüquq, dövlət quruculuğu, dil, ədəbiyyat, tarix, siyasət, iqtisadiyyat və digər sahələri, yerli əhəmiyyətli problemləri əhatə edən 60 sualdan ibarət "test imtahan vərəqəsi" hazırlanır. Test imtahanlarının məqbul qiymətləndirilməsi üçün namizəd tərəfindən azı 31 bal toplanmalıdır. Test imtahanlarının keçirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
 
Namizədlərin daxili işlər orqanlarında xidmət keçmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından keçid balı toplamış şəxslərlə Komissiya tərəfindən müsahibə keçirilir. Namizədlərlə müsahibə fərdi qaydada aparılır və 30 dəqiqəyədək davam edir. Müsahibə zamanı hər namizədə 5 sual verilir və namizədin və namizədin səliqəliliyi, etik normalara riayət etməsi, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək  qabiliyyəti, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı  Konstitusiyanı, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları tətbiq etmək üçün biliyi və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi, təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı qiymətləndirilir Müsahibə zamanı namizədin verdiyi hər bir cavab Komissiyanın üzvü tərəfindən ayrı-ayrılıqda 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi ballar toplanaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünür. Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.  Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60 faizini topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsabiqənin nəticələrinə görə xidmətə qəbul olunması tövsiyə edilmiş namizədlər daxili işlər naziri tərəfindən vakant vəzifələrə təyin edilir. Xidmətə qəbul edilmiş namizədlərə xüsusi rütbə verilir və onlar ilkin hazırlıq kursuna göndərilirlər.
 
Bu qaydalar Nazirliyin konfidensial əsaslarla (tam məxfi) fəaliyyət göstərən qurumlarında xidmətə qəbula şamil edilmir və müvafiq məsələ daxili işlər nazirinin müstəsna səlahiyyətinə aid edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR